Sloveniyadakı “Lyubely” əsir düşərgəsinin azad edilməsinin 75-ci ildönümü qeyd edilib

Sloveniyadakı “Lyubely” əsir düşərgəsinin azad edilməsinin 75-ci ildönümü qeyd edilib

İyunun 13-də Sloveniya ərazisində yerləşən “Lyubely” əsir düşərgəsinin azad edilməsinin 75-ci ildönümü qeyd edilib.

SİA xəbər verir ki, mərasimdə Sloveniyanın Prezidenti Borut Pahor da daxil olmaqla, dövlət rəsmiləri çıxış ediblər. Natiqlər ölkə ərazisində yeganə əsir düşərgəsinin indiki nəsillərə İkinci Dünya müharibəsində törədilən vəhşilikləri nümayiş etdirdiyini və bəşəriyyətin nasizmin törətdiyi cinayətləri unutmamalı olduğunu bildiriblər.

Qeyd edək ki, Avstriya və Sloveniya sərhədində yerləşən düşərgə Avstriyadakı “Mauthauzen" düşərgəsinin “filialı" olub və 1943-cü ildə təsis edilib. 1800-dək əsirin yerləşdirildiyi düşərgədə əsas tapşırıq Alp dağlarında yerləşən Karavanken silsiləsində Avstriya və Sloveniya arasında tunel çəkməkdən ibarət olub. Loybl keçidində yerləşən bu tunel vasitəsilə nasistlər Balkan yarımadasındakı qoşunları üçün silah və ərzaq daşınmasını asanlaşdırmalı idi.

Əsasən nasizm rejiminə qarşı mübarizə aparan siyasi dustaqlardan təşkil olunan düşərgədə 34 nəfərin ağır iş şəraiti və işgəncələrdən həlak olduğu məlumdur. 450 nəfər isə yetərincə əmək qabiliyyətinə malik olmadığına görə “Mauthauzen"ə geri göndərilib və orada məhv edilib.

Düşərgə 1945-ci il mayın 8-də partizanlar tərəfindən azad edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə