Söz azadlığı tələb edənlər həbs edilib Ermənistanda

Söz azadlığı tələb edənlər həbs edilib  Ermənistanda

Ermənistan polisi "Adeqvad" ictimai-siyasi təşkilatının rəhbəri Artur Danielyanı, "Rodina" partiyasının idarə heyətinin üzvü Arsen Babayanı və daha əvvəl hüquq müdafiəçilərinin saxlanıldığı polis binasına toplaşan bir sıra vətəndaşları saxlayıb. SİA xəbər verir ki, bu barədə Ermənistana məxsus mətbuat səhifələrində məlumat yayımlanıb və videogörüntülər yerləşdirilib.

Qeyd edək ki, “Rodina” partiyasına keçmiş Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanesyan rəhbərlik edir.
Xatırladaq ki, Ermənistan polisi əvvəllər hüquq müdafiəçisi Ruben Melikyanı parlament binası qarşısında tək piket keçirdiyinə görə həbs etmişdi. Hüquq müdafiəçisi Ruben Melikyan, hakimiyyətdən vətəndaşların dinc aksiya və toplaşma hüquqlarına zəmanət verməsini tələb edib.

“Vətəndaşlara dinc aksiya azadlığının qaytarılmasını tələb edirik. Dörd aydır ki, bu hüquq vətəndaşlardan əlindən alınıb", deyə Melikyan jurnalistlərə bildirib.

Aksiyaya bir sıra hüquq müdafiəçiləri, o cümlədən Ermənistanın ilk ombudsmanı Larisa Alaverdyan da qatılıb.
O, həmçinin deputatlara müraciət edərək, onları bu məsələnin Ermənistanda fövqəladə vəziyyət rejiminin daha bir ay uzadılması məsələsi ilə bağlı xüsusi iclasda müzakirə olunmasına çağırıb.

Xatırladaq ki, bu gün Ermənistan hökuməti koronavirus pandemiyası ilə əlaqədar fövqəladə vəziyyət rejimini bir ay uzadıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə