Prezident rəqəmlərin şişirdildiyini dedi - Braziliyada

Prezident rəqəmlərin şişirdildiyini dedi - Braziliyada

Yeni tip koronavirus səbəbilə son 24 saat ərzində Braziliyada 1 min 382 nəfər dünyasını dəyişib. Bununla da ölənlərin sayı 37 min 312-yə çatıb. SİA-nın məlumatına görə, ölkənin dövlət başçısı Jair Bolsonaru yerli mediaya verdiyi açıqlamada bu rəqəmlərin şişirdildiyini, ölkədəki real vəziyyəti əks etdirmədiyini deyib. Daha sonra tvitterindən də məsələ ilə bağlı fikirlərini yazan prezident bəzi əyalətlərin Səhiyyə Departamentlərinin rəqəmləri mübaliğələşdirdiyini qeyd edib.

Əyalət rəsmiləri isə prezidentin açıqlamalarına sərt reaksiya göstərib. Onlar Bolsonarunu COVID-19 ölümlərini görünməz hala gətirməyə çalışan avtoritar, duyğusuz, insanlıq və etikadankənar adlandırıb.

Səhiyyə Nazirliyi isə bu günə qədərki yoluxma və ölüm saylarını internet saytından silib. Bundan sonra isə bilgiləri paylaşmayacağını bildirib.

Braziliya Səhiyyə Nazirliyi son sutka ərzində 12 min 581 yeni yoluxma faktı qeydə alıb. Beləliklə, infeksiya daşıyıcılarının sayı 685 min 427 olub.

Braziliya bu göstəricilərlə ABŞ-dan sonra pandemiyanın ən geniş yayıldığı ikinci ölkə mövqeyinə gəlib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə