Bəşər Əsəd rejiminə qarşı etiraz aksiyaları başlayıb

Bəşər Əsəd rejiminə qarşı etiraz aksiyaları başlayıb

Suriyanın paytaxtı Dəməşq yaxınlığında yerləşən Süveydada Bəşər Əsəd rejiminə qarşı etiraz aksiyaları baş qaldırıb. SİA-nın məlumatına görə, ölkədəki iqtisadi böhrana etirazlarını dilə gətirən xalq “Suriya bizimdir, Əsəd ailəsinin yox” şüarlarını səsləndirir.

Türkiyə Silahlı Qüvvələrinin yaxın zamanlarda hərbi əməliyyatlar keçirdiyi İdlibin şimal-şərqindəki Bəşər Əsədə sadiq qüvvələr Təftənazı top və səhra raketləri ilə bombalayıb, sakinlərin əkin tarlalarını məhv edib. Yerli əhali məhsultoplama mövsümü başlayandan bəri rejimin tarlaları bombalayaraq yandırdığını bildirir. Rejim əsgərləri təsərrüfat texnikalarını da atəşə alır və istifadəsiz vəziyyətə gətirir.

Böyük iqtisadi böhranın yaşandığı ölkədə Suriya lirəsi dəyərini itirdiyindən TSQ-nin olduğu bölgələrdə türk lirəsi və dolların istifadəsinə başlanıb.

Həyat şərtlərinin bahalığı və böhran səbəbilə xalqın paytaxtda ayağa qalxacağı ehtimalı var. Rejim qüvvələri bundan duyuq düşərək Dəməşqdə bir çox küçəyə girişləri bağlayıb.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə