Son üç gün ərzində Misirdə COVID-19 virusuna rekord sayda yoluxma halları qeydə alınıb

Son üç gün ərzində Misirdə COVID-19 virusuna rekord sayda yoluxma halları qeydə alınıb. Mayın 30-da bu ölkədə mart ayından bəri ən çox – 1367 nəfər yeni növ koronavirusa yoluxub. Yoluxanların ümumi sayı isə 23 449 nəfərə çatıb.

SİA xəbər verir ki, Misirin Səhiyyə Nazirliyi mayın 30-da COVID-19 virusundan daha 34 pasiyentin həyatını itirdiyini, ölənlərin ümumi sayının isə 913 nəfərə çatdığını bildirib. Nazirliyin mətbuat katibi Xalid Meqahed əlavə edib ki, son sutka ərzində 182 koronavirus xəstəsi sağalıb, ümumilikdə isə ölkədə fəaliyyət göstərən 17 karantin xəstəxanasında 5693 pasiyent tam müalicə olunub.

Misir hökuməti mayın 31-dən iyunun 15-dək kafe, restoran, idman klublarının bağlı olacağını bildirib. İnsanların marketlərdə, banklarda, hökumət və özəl strukturlarda, ictimai nəqliyyatda tibbi maska taxması məcburi olacaq. Qaydaları pozanları isə 120 dollar cərimə və ya inzibati həbs cəzası gözləyir.

Bütün xəbərlər Facebook səhifəmizdə