ABŞ-da ixtişaşlar zamanı 1 nəfər ölüb

ABŞ-ın Miçiqan ştatında ixtişaşlar zamanı bir nəfər həyatını itirib. SİA xəbər verir ki, ABŞ-ın afroamerikalı vətəndaşı Corc Floydun Mineapolis şəhərində polis tərəfindən zorakılığa məruz qalaraq həyatını itirməsi ölkənin bir çox əyalətində çıxışların artması ilə nəticələnib.

Belə ki, ölkənin Miçiqan ştatının Detroit şəhərində etiraz aksiyaları təşkil edən əhalinin sıx olduğu yerdə ərazidə yerləşən nəqliyyat vasitələrinin birindən havaya atəş açılıb. Atəş nəticəsində bir nəfər ölüb.

Ərazi polis bölməsinin ictimaiyyətlə əlaqələr üzrə nümayəndəsi Nikol Kirkvud bildirib ki, nümayişçilərin Detroit şəhərinin Griktovn bölgəsində toplandığı zaman ərazidə yerləşən nəqliyyat vasitələrinin birindən silahla atəş açılıb. Açılan atəş nəticəsində 19 yaşındakı gənc xəsarət alıb. Xəstəxanaya yerləşdirilən yaralı şəxs həyatını itirib.

Nikol Kirkvudun sözlərinə görə, qurbanın kim olduğu və atəşin kim tərəfindən açıldığı dəqiqləşdirilməyib.

Qeyd edək ki, Vaşinqtonda aksiyaların genişlənməsi səbəbi ilə ixtişaşların qarşısı tamamilə alınana qədər Ağ Evin təcrid vəziyyətində saxlanılmasına qərar verilib.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə