Vatikan muzeyləri iyundan etibarən açılacaq

Yeni növ koronavirus pandemiyası ilə əlaqədar qoyulan məhdudiyyətlər səbəbiylə daha əvvəl bağlanmış Vatikan muzeyləri iyunun 1-dən ziyarətçiləri qəbul etməyə başlayacaqlar.

Bu barədə Müqəddəs Taxtın mətbuat xidməti məlumat yayıb.

"İyunun 1-də, demək olar, üç aylıq fasilədən sonra yenidən Vatikan muzeylərinə baş çəkmək mümkün olacaq", - məlumatda deyilir.

Bundan əlavə, Papanın yay iqamətgahı – "Kastel Qandolfo" da turistlər üçün açılır. Ziyarət yalnız əvvəlcədən sifariş edilmiş biletlərlə mümkün olacaq. Amma muzeyin iş saatı artırılacaq. Eyni zamanda ekoloji cəhətdən təmiz avtobuslarla Vatikan bağlarında gəzintilər bərpa olunacaq.

Qeyd edək ki, Vatikan muzeyləri koronavirus pandemiyası ilə əlaqədar martın 9-dan bağlanıb.

Əlavə edək ki, mayın 18-dən etibarən İtaliyada muzeylərin işinin tədricən bərpasına başlanılıb. Mayın 28-də Kolizeyin, iyunun 3-də isə Florensiyadakı Uffitsi qalereyasının açılması planlaşdırılır. İyunun 3-dən etibarən həmçinin Avropa İttifaqı ölkələrinin və Şengen zonasının, eləcə də Böyük Britaniyanın vətəndaşlarının İtaliyaya girişinə icazə veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...