Twitter ofisləri sentyabr ayından əvvəl açılmayacaq - Covid-19

Twitter ofisləri sentyabr ayından əvvəl açılmayacaq - Covid-19

Sosial Media platforması Twitter sentyabrdan əvvəl koronavirus tədbirləri çərçivəsində bağlanmış ofislərini açmağı planlaşdırmır və bir çox işçiyə karantindən sonra uzaqdan daimi işləməyə imkan verəcəkdir. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.

Amerika şirkətinin verdiyi açıqlamada, sağlamlıq böhranı dövründə mart ayında uzaqdan işə başlayan ilk şirkətlərdən olduqları xatırladılıb və bu siyasətin qeyri-müəyyən müddətə davam etdirilməsinə qərar verildiyi vurğulanıb.

Şirkət sözçüsü, işçilərin hər yerdən və mərkəzdən müstəqil işləmələrinə imkan verən paylanmış işçi qüvvəsinə verdiyi əhəmiyyət sayəsində böhran tədbirlərinə tez uyğunlaşdıqlarını bildirib.

Sözçü “Son bir neçə ay göstərdi ki, buna nail ola bilərik. İşçilərimizin rolları və vəziyyətləri evdən işləməyə imkan verirsə və bunu davam etdirmək istəyirlərsə, buna icazə verəcəyik"-deyib.

Twitter ofislərin yenidən açılmasının diqqətlə və tədricən həyata keçiriləcəyini açıqlayıb.

Bundan əlavə açıqlamada, bəzi istisnalarla sentyabr ayından əvvəl belə bir addımın atılmayacağı və hər halda köhnə sistemin dərhal geri qaytarılmayacağı vurğulanıb.

Digər internet nəhəngləri Google və Facebook daha əvvəl işçilərinin çoxunun evdən ilin sonuna qədər işləməyə davam edəcəyini açıqlayıb.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə