“Məhdudiyyətləri aradan qaldırmaq hələ tezdir” Vitali Kliçko

“Məhdudiyyətləri aradan qaldırmaq hələ tezdir”  Vitali Kliçko

Kliçko ictimai nəqliyyatda məhdudiyyətlərin aradan qaldırılmasına öz münasibətini bildirib. SİA RİA Novostiyə istinadən xəbər verir ki, Ukrayna paytaxtının meri Vitali Kliçko Kiyevdə koronavirus səbəbiylə karantin dövründə ictimai nəqliyyatın fəaliyyətində tətbiq olunan məhdudiyyətlərin aradan qaldırılması üçün hələ tez olduğunu söyləyib.

Qeyd edək ki, bazar ertəsindən bəri Ukrayna hakimiyyəti, koronavirusla əlaqəli ümumdünya karantini səbəbiylə tətbiq olunan məhdudlaşdırıcı tədbirləri yüngülləşdirib. Bununla yanaşı, ölkədə qeyri-ərzaq mağazalarının, restoran və kafelərin yay əraziləri fəaliyyətə başlayıb, parklarda gəzinti qadağası qaldırılıb. Kiyevdə məhdudlaşdırıcı tədbirlərin yüngülləşdirilməsi çərşənbə axşamı günü fəaliyyətə başlayıb. Eyni zamanda, ictimai nəqliyyatın işi məhdudlaşdırılıb. Xüsusi buraxılışı olan vətəndaşlar, həkimlər, polis əməkdaşları da daxil olmaqla çox az insan ictimai nəqliyyatdan istifadə edə bilər.

"Gördüyümüz kimi, virus hələ də geri çəkilməyib və son zamanlar xəstəliyin qeyri-optimist dinamikası müşahidə olunur. Buna görə də rahatlaşmaq, arxayınlaşmaq çox tezdir. İlk mərhələdə ictimai nəqliyyatın işində məhdudiyyətləri aradan qaldırmaq hələ çox tezdir. Buna görə də mayın 22-dək xüsusi buraxılışı olanların sərnişin olaraq daşınması davam etməlidir", deyə Kliçko bəyan edib.

Xatırldaq ki, Səhiyyə Nazirliyinin son məlumatlarına görə, Ukraynada aşkar edilmiş koronavirus xəstələrinin ümumi sayı 16,023 nəfərdir. Bunlardan 425 nəfər ölüb, 3373 nəfər sağalıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə