Yaponiyada koronavirusa qarşı hökumətin gördüyü tədbirlər əhalinin çoxunu qane etmir

Yaponiyada koronavirusa qarşı hökumətin gördüyü tədbirlər əhalinin çoxunu qane etmir

Yaponiyada koronavirusa qarşı hökumət tərəfindən görülən tədbirlər əhalinin yarıdan çoxunu qane etmir.

SİA xəbər verir ki, bunu Kyodo agentliyi tərəfindən keçirilən sorğunun nəticələri sübut edir. Qeyd edilir ki, rəyi soruşulanların yalnız 34,1 faizi COVID-19 pandemiyasına qarşı hökumətin həyata keçirdiyi tədbirləri müsbət qiymətləndirib. Respondentlərin 57,5 faizi isə bu addımlardan narazılığını ifadə edib. Bundan əlavə, rəyi soruşulanların 84,4 faizi pandemiya fonunda həyatlarına görə narahatlıq keçirdiklərini bildiriblər.

Eyni zamanda qeyd edilir ki, aprel ayı ilə müqayisədə Baş nazir Şinzo Abe hökumətini dəstəkləyənlərin sayı 1,3 faiz artaraq 41,7 faiz təşkil edib. Bununla yanaşı, respondentlərin 43 faizi bu hökumətdən narazı olduqlarını bildiriblər.

Agentlik tərəfindən sorğu mayın 8-dən 10-dək telefon vasitəsilə keçirilib və onda 1030 nəfər iştirak edib.

Əlavə olaraq bildirək ki, Yaponiyada mayın 10-da yerli vaxtla saat 21:00-dək olan son məlumatlara əsasən, ümumilikdə 16559 nəfər koronavirusa yoluxub. Virusa yoluxanların daha çox Tokio (4848) və Osakada qeydə alındığı (1743) bildirilir. Pandemiya nəticəsində 8944 nəfərin sağaldığı, 646 nəfərin isə öldüyü qeyd edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə