Maliyyə böhranı adı ilə türklərə ağır zərbə

Maliyyə böhranı adı ilə türklərə ağır zərbə

Yunanıstan Təhsil Nazirliyinin antitürk qərarı Qərbi Trakyada yaşayan türk azlığında narahatlıq yaradıb. SİA-nın "Hürriyət" qəzetinə istinadən verdiyi məlumata görə, "iqtisadi böhran" və "daha keyfiyyətli təhsil" tezislərini irəli sürən Yunanıstan Qərbi Trakyadakı 35 türk ibtidai məktəbini bağlama qərarı qəbul edib.

 

Təhsil Nazirliyi ölkə miqyasında həyata keçirəcək layihə çərçivəsində Qərbi Trakyadakı türk ibtidai məktəblərin sayını 57-dən 22-ə salmağı qərarlaşdırıb. Nazirliyin açıqlamasında bildirilir ki, Trakyadakı türk məktəblərin statusunu təşkil edən bütün xüsusiyyətlər diqqətə alınıb.

 

Türk azlığın təmsilçisi olan millət vəkili Əhməd Hacıosman Yunanıstan təhsil nazirini müavini ilə görüşərək məktəblərin bağlanmasından narahatlığını dilə gətirib. O, mətbuata açıqlamasında bildirib ki, yunan hökuməti ilə həmfikir olmadığını qarşı tərəfin diqqətinə çatdırıb: "Qərbi Trakyadakı kəndlərimizdə olan məktəblər bizim üçün məscidlər qədər əhəmiyyətlidir. Məktəbin qapısına qıfıl vurmaq məscidin, ya da kilsənin qapısına qıfıl vurmağa oxşayır".

Bütün xəbərlər Facebook səhifəmizdə