Milli Həmrəylik Kampaniyasına dəstək verən əfqan çoban

Milli Həmrəylik Kampaniyasına dəstək verən əfqan çoban

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın "Biz bizə yetərik, Türkiyəm" şüarıyla başlatdığı Milli Həmrəylik Kampaniyasına 200 lirəsini bağışlayan Qarsda çobanlıq edən Əfqanıstan əsilli Sadiq Uzbek Türkiyəni öz ölkəsi kimi gördüyü üçün dəstək verdiyini söyləyib. SİA xəbər verir ki, Qarsın Səlim mahalına bağlı Tozluca kəndində dörd uşağı ilə yaşayan Uzbek Sosial Yardımlaşma və Həmrəylik Fondundan aldığı yardımdan əlavə, çobanlıqdan qazandığı pulla dolanışığını təmin edir.

Kampaniyaya verdiyi dəstəklə hər kəsi duyğulandıran Uzbek jurnalistlərə açıqlamasında Türkiyədə çox xoşbəxt olduğunu deyib: "Milli Həmrəylik Kampaniyasını televiziyadan öyrəndim və imkanım daxilində dəstək vermək istədim. Prezidentimizi çox sevirəm. Burada bir-birimizə çox bağlıyıq. Öz dövlətim kimi getdim dəstək verdim. Türkiyəni çox sevirəm, burada işləyirəm və çox xoşbəxtəm. Övladlarımla, ailəmlə burada yaşayıram".

Qeyd edək ki, Milli Həmrəylik Kampaniyasına dəstək olmaq üçün Səlim bələdiyyəsinə gedən Sadiq Uzbek ilə bələdiyyə işçiləri ilə yaşanan dialoq işçilərdən birinin mobil telefonunun kamerası vasitəsilə çəkilmişdi.

Görüntülərdə bələdiyyə nümayəndəsi hər hansı bir ehtiyacı olub olmadığını soruşduqda Uzbek bu sözləri deyib: "Dövlətə yardım etmək üçün gəlmişəm, 200 lirə bağışlayacağam. Ehtiyacım olsa da, olmasa da pul verəcəyəm. Özümə bir çarə taparam, problem deyil. Allah böyükdür".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə