Amerika Birləşmiş Ştatlarının Prezidenti Dponald Trampa müraciət ünvanlanıb. SİA-nın məlumatına görə, müraciətdə deyilir:

Cənab Prezident!

Bu gün bütün dünya xristianları və kilsələr üçün çox mühüm bir gün olan Pasxa bayramı və həmçinin, dünya müsəlmanlarının mübarək Ramazan ayının çatmasını nəzərə alaraq yeni səylər tələb edən bir həqiqət ilə üz-üzəyik. Bu şərait bizi, özümüzü və cəmiyyətimizi təhlükələrdən qorumaq məqsədilə dini məclislərdə toplaşmaqdan çəkindirir. Bu misli görünməmiş şəraitdə bizim davranışlarımıza yenidən baxmağımız üçün xüsusi bir məsuliyyətli fürsətimiz var.

“Koronavirus” hər yerdə bəşəriyyətin müştərək düşmənidir. Bu virus milliyyət, məzhəb, siyasət və insanların hər hansı bağlılıqlarına baxmayaraq hər bir fərdi təhdid edir, onun təsiri isə gigiyena baxımından zəif və ya fəqirlik olanlar arasında ayrı-seçkilik yaradır. Bu pandemiyaya təsirli cavab vermək üçün dünya səviyyəsində misli görünməmiş əməkdaşlıq və birliyə ehtiyac var. Cəmiyyətin daha çox həssas insanlarını qorumaq və təhlükəli şəraitin tezliklə aradan qaldırması üçün xüsusi addımların atılmasına ehtiyac var.

Bu çərçivədə biz,- Dünya Kilsələr Şurası, Kilsələrin Müştərək Fəaliyyəti Təşkilatı və Amerikada olan Həzrəti Məsih Kilsələri - ABŞ-ın İran xalqı əleyhinə olan sanksiyalarından dərin narahatlığımızı bildiririk.

Hal hazırda İranda 67000-dən çox insan Koronavirusa yoluxmuş və 4000-dən çox insan bu virusdan vəfat etmişdir. Bu səbəbdən Şərqi Aralıq Dənizi hövzəsində, bəlkə də dünyada ən çox təsirə məruz qalan ölkədir. 2019-cu ilin may ayından Amerikanın birtərəfli sanksiyaları nəticəsində iqtisadi mühasirəyə düşmüş ölkənin səhiyyə sistemi çətinliklərlə üz-üzədir.

Lanset jurnalında çap edilmiş son məqaləyə əsasən, bu sanksiyalarla birbaşa və ya dolayısıyla əlaqədar olaraq dərman vasitələrinin və laboratoriya avadanlıqları, o cümlədən, qoruyucu geyimlərin çatışmamazlığından virus daha çox artmış və tələfata səbəb olmuşdur. Ümumdünya Səhiyyə Təşkilatının və digər humanitar təşkilatların tibbi ləvazimat göndərilməsi üçün səylərinə baxmayaraq sanksiyalar xəstəliyin daha da çox yayılmasına səbəb olmuş, dərman və tibbi avadanlıqların əldə edilməsi azalmış və gigiyena baxımından daha da çətin şərait yaranmışdır.

Biz, beynəlxalq həmrəylik və humanizm çərçivəsində və BMT-nın dünyada atəşkəs elan etməsinə əsasən müştərək şəkildə Sizdən bu pandemiya virusu ilə mübarizədə İran əleyhinə olan sanksiyaları aradan qaldırmağınızı istəyirik. İranın tibbi avadanlıq almağına çətinlik yaradan iqtisadi sanksiyaları da ləğv edin və icazə verin Beynəlxalq Valyuta Fondu böhran vəziyyətində İranın borc istəyinə müsbət cavab versin.

Dünyanın bu böhranlı şəraitində həmçinin, Amerikanın digər ölkələr, o cümlədən Suriya, Kuba,Venesuela əleyhinə olan sanksiyalarını da ləğv edəsiniz. Bu ölkələrin xalqları siyasi münaqişələrin qurbanları olmuşlar və bu sanksiyalar onların dərman və tibbi avadanlıqları əldə etmələrinə mane olur.

İndiki şərait heç bir vəchlə Koronavirus pandemiyasından öncə olan cəzalandırma siyasətilə uyğun deyil. İndi Koronavirusun yayılmasını nəzarətdə saxlamaq, həssas insanları qorumaq və bu müştərək düşmən olan Koronavirusu məğlub etmək üçün beynəlxalq birlik və əməkdaşlıq zamanıdır.

Hörmətlə,

Dünya Kilsələr Şurasının icraçı direktoru:

Professor dr. İoan Sauca

Kilsələrin Müştərək Fəaliyyəti Təşkilatının Baş Katibi :

Cənab Rudelmar Bueno de Faria

Amerikada olan Həzrəti Məsih Kilsələrinin Baş Katibi:

Cənab Cim Vinkler

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə