BMT-nin baş katibi dünya dini konfesiyyaları liderlərini pandemiyaya qarşı birliyə çağırıb

BMT-nin baş katibi Antonio Quterreş bütün dini konfesiyyaların liderlərinə müraciət edərək onları dünyada sülhə nail olmaq və əsas diqqəti COVID-19 pandemiyasını məğlub etmək naminə ümumi mübarizəyə yönəltmək üçün səyləri birləşdirməyə çağırıb.

SİA BMT-nin baş katibinin müraciətini təqdim edir.

“Bu gün bütün dini konfesiyyaların liderlərinə müraciət edərək dünyada sülhə nail olmaq və əsas diqqəti COVID-19-u məğlub etmək naminə ümumi mübarizəmizə yönəltmək üçün səylərimizi birləşdirməyə çağırıram.

Bunu dini təqvimdə qeyd olunacaq xüsusi günlərin ərəfəsində edirəm. Xristianlar Pasxanı bayram edirlər. Yəhudilər Pesax bayramını qeyd edirlər. Tezliklə müsəlmanlar üçün müqəddəs Ramazan ayı başlayacaq. Mən bu vacib məqamları qeyd edən hər kəsə ən xoş arzularımı bildirirəm.

Bu hadisələrin hər zaman birləşmə anları olduğunu bilirik. Ailələr bir araya gəlir. Qucaqlaşmalar, əlgörüşmələr və insanların toplaşması baş verir. Amma indi fərqli zamandır. Hamımız qəribə, sürreal dünyadan baş açmağa çalışırıq. Səssiz küçələr dünyası. Qapalı dükanlar. Boş qalmış ibadət yerləri. Narahatlıq dolu bir dünya. Biz sevdikılərimizdən narahatıq, onlar da bizdən.

Belə bir zamanda bayramı necə qeyd edə bilərik?

Gəlin hamımız bu müqəddəs bayramların mahiyyətindən ilhamlanaraq, onları düşünmək, xatırlamaq və yenilənmək anları kimi yaşayaq. Bunları düşünərkən, bu dəhşətli virusa qarşı ön cəbhədə mübarizə aparan qəhrəman tibb işçilərini və şəhər və qəsəbələrimizdə həyatın davam etməsi üçün çalışanları unutmayaq.

Gəlin dünyadakı həssas qrupların ən həssaslarını xatırlayaq: müharibə zonaları, qaçqın düşərgələri, xarabalıqlar və virusla mübarizə üçün ən az təchiz olunmuş yerlərdə yaşayan insanları. Gəlin bir-birimizə olan inamımızı yeniləyək və bir-birinə qayğı göstərmək üçün çətin zamanlarda müxtəlif dini etiqadların və etik ənənə icmalarının bir araya gəlməsindən yararlanaq.

Biz bu virusu birlikdə məğlub edə bilərik - əməkdaşlıq, həmrəylik və ümumbəşəri dəyərlərlə.

Bütün xəbərlər Facebook səhifəmizdə