Obama, Sarkozi və Kamerondan birgə çağırış

Obama, Sarkozi və Kamerondan birgə çağırış

ABŞ prezidenti Barak Obama, İngiltərə baş naziri David Kameron və Fransa prezidenti Nikolya Sarkozi Liviyadakı rejimi yıxmaq üçün birgə çağırış ediblər. SİA-nın məlumatına görə, üç lider beynəlxalq ictimaiyyətin atəşkəs və Liviya lideri Muammar Qəddafiyə ölkədən çıxış planı təqdim edilməsi təkliflərini açıq şəkildə rədd edib.

 

ABŞ, İngiltərə və Fransa liderləri bu gün "New York Times", "Vaşinqton Post" və "Le Figaro" qəzetlərində dərc olunan ortaq məqaləsində polkovnik Qəddafi devrilənə qədər Liviyadakı hərbi əməliyyatları dəstəkləməkdə davam edəcəklərini ortaya qoyub. Məqalədə Qəddafinin kreslosunda qalması təqdirində dünyanın günahkar olacağı ifadə edilib.

 

Liviyanın yenidən qurulması üçün Qəddafinin bir daha dönməmək şərtilə getməsinin lazım olduğunu qeyd edən Obama, Kameron və Sarkozi dərhal atəşkəs elan edilməsi və Qəddafinin kreslosunu ailəsindən birinə təhvil verərək ölkəni tərk etməsi təkliflərini qəbul etməyib: "Öz xalqına qarşı qırğın edən birinin gələcəkdə qurulacaq hökumətdə iştirak etməsi düşünülə bilməz".

Bütün xəbərlər Facebook səhifəmizdə