Fransada coronavirus pandemiyasının növbəti dalğası gözlənilir

Fransada COVID-19 pandemiyasından ölənlərin sayı 10 min 869-a çatıb. Xəstəxanalarda son 24 saat ərzində koronavirusdan 541 nəfər ölüb.

SİA xəbər verir ki, ölkədə COVID-19 pandemiyasından 60 mindən çox insan xəstəxanalara qəbul edilib. Bu gün xəstəxanalarda 30 min 375 COVID-19 daşıyıcısı var ki, onlardan 7048-i reanimasiya şöbələrindədir.

Bildirilib ki, 21 mindən çox COVİD-19 xəstəsi sağalıb.

Fransanın Atlantik okeanında olan “Charles-de-Gaulle” məşhur təyyarə-daşıyıcı gəmisində 1760 hərbi dənizçidən 40-dək hərbi dənizçinin yeni koronavirusa yoluxduğu bildirilib. Müdafiə Nazirliyi bildirib ki, həmin dənizçilər təcrid olunub və gəmidəki digər dənizçilər test ediləcək.

COVID-19 pandemiyası ilə bağlı təsis edilmiş Elmi Şuranın üzvü Lila Bouadma isə “qara cümə axşamına hazırlaşırıq” deyə qarşıdan gələn günün çətin olacağını bildirib.

Fransada aprelin 15-dək uzadılan təcridolma rejiminin müddətinin artırılacağı gözlənilir. Aprelin 9-da Prezident Emmanuel Makron televiziya ilə xalqa müraciət edərək COVID-19 epidemiyası və onunla bağlı tətbiq edilən karantin rejiminin müddəti haqqında danışacaq. Bu COVID-19 epidemiyası başlayandan Fransa Prezidentinin xalqa 3-cü müraciəti olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...