İspaniyada müsəlman icmasının başçısı koronavirusdan ölüb

İspaniya Müsəlman Birliyinin rəhbəri, İspaniya İslam Komissiyasının sədri Riay Tatari Bəhri, coronavirusdan dünyasını dəyişib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Twitterdə bu barədə hökumət və nazir müavinləri administrasiyasından məlumat yayıb.

Məlumata görə, Riay Tatari Bəhri Madridin Tetuan bölgəsindəki bir məscidin imamı idi. Bir neçə gün əvvəl o paytaxt xəstəxanalarından birinə yerləşdirilib. Onun həyat yoldaşının da vəziyyəti ağırdır. Bəhrinin 72 yaşı vardı və onun beş övladı var.

Tibb elmləri doktoru olan Bəhri İspaniya İslam İcmaları Birliyinə də rəhbərlik edib. O, Şamda anadan olub, 1970-ci illərin əvvəllərindən İspaniyada yaşayır və 1971-ci ildə İspaniya Müsəlman Birliyini yaradıb.

"Hökumət İspaniya İslam Komissiyasının sədri Riay Tatari Bəhrinin vəfatından dərin təəssüf hissi keçirir və ölkəmizdəki müsəlman icmasına başsağlığı verir. Biz şəxsiyyətinə və İspaniyada birlikdə fəaliyyətinə dərin hörmət və sayqı ilə yanaşırıq", deyə hökumət və nazir müavinləri administrasiyası bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə