Amerika iqtisadiyyatının Covid-19-lə sınağı: - 20 milyon işsiz

Amerika Birləşmiş Ştatlarında (ABŞ) koronavirusa (Covid-19) tutulanlarla yanaşı, işsizlik müavinəti üçün müraciət edənlərin sayı da misli görünməmiş dərəcədə artıb. Sadəcə, keçən həftə 6.6 milyon insan işsizlik müavinəti üçün müraciət edib. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.

Əvvəlki həftə 3.3 milyon adam da işdən çıxarıldıqdan sonra, epidemiya səbəbiylə təxminən 10 milyon adam işini itirib. Əmək Nazirliyinin hazırladığı hesabatda iqtisadiyyatın dünya miqyasında müəssisələrin bağlanması ilə ciddi bir tənəzzülə sürükləndiyi, işsizliyin də eksponent olaraq artdığı ortaya çıxıb.

"Bu, hələlik başlanğıcdır"

İşdən çıxanların sayının çox olması bir çox iqtisadçının pessimist fikirlər söyləməsinə səbəb olur. Aprelin sonuna qədər 10 milyon işsizə daha 10 milyon insanın əlavə edilə biləcəyi ifadə edilir. Bu rəqəm böyük tənəzzüldəki rəqəmlərdən (8,7 milyon nəfər) iki dəfə çoxdur.

Restoran, otel, idman salonu və kinoteatrlar kritik vəziyyətdə olan sahələrdir

İflasın qarşısını almaq üçün işəgötürənlər işçilərin sayını minimuma endirməyə çalışırlar. Xüsusilə restoran, otel, idman zalları və kinoteatrlar bu vəziyyətdən ən çox zərər çəkən iş yerləridir.
Amerikalıların təxminən 90 faizinin bir çox ştatda evdə qalmaq məcburiyyətində olması işdən çıxmağı sürətləndirən başqa bir amildir.

İş müraciətləri birdən-birə 30 dəfə artıb

Bu vəziyyət məşğulluq bazarında zəlzələ effekti yaradıb. Cəmi bir ay əvvəl həftəlik iş müraciətləri ölkədə 211 min nəfər səviyyəsində idi. ABŞ-ın son 50 ilində ən aşağı səviyyədə olan bu rəqəm indi 30 dəfə artaraq yüksəlib. İşsizliyə görə müavinət almaq üçün müraciətlər 50 ştatda artır. Məsələn, Kaliforniyada müraciət edənlərin sayı əvvəlki həftəyə nisbətən 4 dəfə artaraq demək olar ki, 1 milyona çatıb.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə