İranda son gündə 3 076 nəfər virusa yoluxdu

İranda son gün ərzində yoluxanların sayında yeni rekord qeydə alınıb. Belə ki, gün ərzində 3 min 76 nəfər yeni növ koronavirusa yoluxaraq, ümumi yoluxanların sayı 35 min 408 nəfərə çatıb. SİA-nın xəbərinə görə, bu barədə ölkənin səhiyyə naziri Kianuş Cahanpur açıqlayıb.

O bildirib ki son gün ərzində 139 nəfər dünyasını dəyişib və bununla da ölkədə COVİD-19-dan ölənlərin sayı 2 min 517 nəfərə çatıb. Nazirin sözlərinə görə, 11 min 679 nəfər xəstəlikdən sağalıb.

İran hakimiyyəti koronavirusun yayılmasının qarşısının alınması üçün hüquq mühafizə orqanları, təcili yardım, yanğınsöndürən maşınlar istisna olmaqla, ölkədə uzun məsafəli səyahəti məhdudlaşdırmaq qərarına gəlib. Səlahiyyətlilərin belə bir qərar almasının səbəbi koronavirusun sürətlə yayılmasının qarşısının alınmasına xidmət edir. Belə ki, hökumət vətəndaşlarını evdə qalmaqla bağlı tövsiyələrini versə də, iranlılar bayram tətilində evdə otumaq əvəzinə digər şəhərlərə səyahət etdikləri üçün ölkədə yayılma ilə bağlı vəziyyət daha da gərginləşib.

Bununla yanaşı, İran hazırda koronavirusa yoluxanlar üçün özünü təcrid etmək imkanlarını nəzərdən keçirir. Ölkədə ərzaq və dərman mağazalarından başqa, park, ticarət mərkəzlərinin bağlanması barədə qərar qəbul edildi. Ölkədə bir neçə həftədir ki, dini tədbirlər məhdudlaşdırılıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...