Yaponiya parlamenti növbəti il üçün ölkə tarixinin ən böyük büdcə layihəsini qəbul edib

Yaponiya parlamenti aprel ayında başlayacaq növbəti maliyyə ili üçün ölkə tarixinin ən böyük büdcə layihəsini qəbul edib.

SİA xəbər verir ki, martın 27-də parlamentin yuxarı palatası hakim Liberal Demokratik Partiyasının (LDP), onun koalisiya tərəfdaşı Komey Partiyasının və digər partiyaların dəstəyi ilə növbəti maliyyə ili üçün dövlət büdcəsini bəyənib. Onun ümumilikdə 102 trilyon yen olduğu bildirilir.

LDP-dən deputat seçilmiş Takamoro Fukuoka bəyan edib ki, büdcə yeni koronavirusa qarşı mübarizədə baza rolunu oynayacaq və qısa zaman ərzində qəbul edilməlidir.

Parlamentin müxalifətdən olan üzvü Hiroyuki Naqahama isə yeni koronavirusla mübarizə tədbirlərinin büdcə layihəsində əksini tapmadığına görə onun əleyhinə səs verdiyini bildirib.

Əlavə olaraq qeyd edək ki, rekord məbləğdə olan büdcədə ödənişsiz ali təhsil və iqtisadiyyatın tənzimlənməsi üçün stimullaşdırıcı tədbirlərin daxil olduğu bəndlər də öz əksini tapıb.

Bununla yanaşı, hökumətin yeni koronavirusun yayılmasına qarşı tədbirləri özündə əks etdirən əlavə büdcə layihəsini hazırlayacağı da bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə