Cinayət varsa, cəzası da olmalıdır - AÇIQLAMA

"Hüquq Mühafizə orqanlarının verdiyi məlumata görə, Tofiq Yaqublunun həbs edilməsi onun törətdiyi xuliqanlıqda bağlıdır. Bu məsələni də bəzi müxalif tərəflər şişirdərək, böyük bir faciəyə çeviriblər. Tofiq bəyin həbsində hər hansı qərəzlilik prinsipi yoxdur". Bunu SİA-ya açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.

O bildirib ki, hüquq mühafizə orqanlarının yaydığı bəyanata görə, Tofiq Yaqublu öz avtomobili ilə başqa bir avtomobili vurub: "Həmin avtomobildə olan sərnişinlərə mübahisə edib və onlara xəsarət yetirib. Azərbaycan hüquqi dövlətdir. Hazırda hadisə ilə əlaqədar istintaq gedir. İstintaqın nəticəsinin isə nə olacağını hər birimiz görəcəyik. Məhkəmə qarşısında hamı eyni hüquqa malikdir. Kim cinayət törədibsə, cəzasını da almalıdır".

H.Hacıyev qeyd edib ki, bu məsələdə məsuliyyətin kimin üzərində olması istintaq predmetidir: "Düşünürəm ki, istintaqın nəticələrinə əsasən bu məsələyə məhkəmədə aydınlıq gətiriləcək. Heç kim toxunulmaz deyil. Məhz mən özüm bir siyasi partiya sədri olaraq hər hansı bir qanunazidd hərəkət etsəm, əlbəttə ki, mən də hüquq-mühafizə orqanları qarşısında cavab verməliyəm. Qanunlar hər kəs üçündür. Bəzilərimiz xırda məsələləri belə şişirtməyə öyrəşmişik, lakin bu məsələdə qeyri-adi bir şey yoxdur. Qanun qarşsında hər bir vətəndaşın məsuliyyəti eyni dərəcədədir. Əgər cinayət varsa, cəzası da olmalıdır".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə