Zənginlər koronavirusdan necə qorunur?

Zənginlər koronavirusdan necə qorunur?

Çində meydana gələn yeni tip koronavirus (Covid-19) xəstəliyinə görə, başda Çin olmaqla bütün dünyada insanlar tibbi maskalardan istifadə etməyə başlayıb. Hətta hazırda Çinin bir çox şəhərində küçələrə maskasız çıxmaq qadağan edilib.
SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bəzi şirkətlər vəziyyəti fürsətə çevirərək digərlərindən heç də fərqlənməyən qoruyucu tibbi vəsaitləri bazar dəyərindən də yüksək qiymətə satışa çıxarırlar.
Məsələn, səhiyyə işçiləri tərəfindən tövsiyə olunan FFP2 maskalarının ortalama qiyməti 5 dollardır. İsveçrə şirkəti olan “Airinium” isə 100 dollar qiymətində tibbi maskalar satışa çıxarıb. Xüsusilə Asiya ölkələrində tanınan bu markanın bəzi maska modelləri artıq tükənib.
Həkimlər, bahalı olmasına baxmayaraq, bu maskaların digərlərindən fərqlənmədiyini vurğulayıblar. Bundan əlavə, tibb mütəxəssisləri sağlam olanların buna ehtiyac duymadıqlarını iddia edirlər.
Belə bir vəziyyəti fürsətə çevirən şirkətlərdən biri də “Byredo” ətir markasıdır. Belə ki, öz internet səhifəsində 30 ml-lik əl təmizləyici geli yerli valyuta ilə 55 manata satışa çıxarıb.
Koronavirusa yoluxma riskinin ən yüksək olduğu yerlərdən biri, şübhəsiz ki, hava limanlarıdır. ABŞ-ın Florida ştatındakı "Southern Jet" aviaşirkəti müştərilərinə göndərdiyi reklamlarda "Şəxsi təyyarədə səyahət edərək koronavirusdan uzaq durun" ifadələrini işlədib. Şirkət iddia edir ki, son zamanlarda 20 min dollarlıq Florida-Nyu-York reysi üçün tələb artıb.

Bəs varlılar xəstəlik simptomlarına rast gəldikdə nə edirlər?

Virusa yoluxma riskinin daha çox olduğu dövlət xəstəxanalarına deyil, az sayda insanın olduğu özəl klinikalara üz tuturlar.
Covid-19 epidemiyası yayıldıqca, ABŞ-dakı Sollis Health və ya Fransadakı Ribau & Garner kimi özəl səhiyyə xidmətləri təklif edən təşkilatlar zəngin mühitlərdə diqqət çəkməyə başlayıb.
Qeyd edək ki, dünyada ölümcül koronavirus (Covid-19) epidemiyasına yoluxan 101 min nəfərdən 3 min 461-i ölüb.

Mirqəmər Mənsimova

Bütün xəbərlər Facebook səhifəmizdə