Fəxrəddin Altun: “Türkiyə müdafiə haqqından istifadə edir" - AÇIQLAMA

"Türkiyə qanuni müdafiə haqqından istifadə edir və İdlibdə bəşəri faciənin yaşanmasının qarşısını almaq məqsədilə keçirdiyi əməliyyatlarda beynəlxalq hüquqa uyğun olaraq hərəkət edir". SİA xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun deyib.

Fəxrəddin Altun bildirib ki, cinayətkar şəbəkə kimi davranan və öz xalqına qarşı terror həyata keçirən Əsəd rejimi həm milli təhlükəsizliyimiz, həm bölgə, həm də Avropa üçün təhdiddir. Bütün bunları heç bir şey etmədən kənarda dayanıb izləyə bilmərik: "Suriyalıları tərk etməyimizi gözləyənlər özlərindən utanmalıdırlar. Türkiyə həm bu hücuma, həm də yüz minlərlə suriyalının öldürülməsinə görə məsuliyyət daşıyan qeyri-legitim Əsəd rejiminə cavab verir və verməyə davam edəcək, havadan və qurudan rejimin hədəfləri vurulacaq. Türkiyə Astana prosesinə daxil olan bütün tərəfləri və beynəlxalq ictimaiyyəti üzərlərinə düşən məsuliyyəti yerinə yetirməyə çağırıb. Keçmişdə törədilən Ruanda və Bosniya kimi soyqırımlarının İdlibdə də törədilməsinə imkan verilməməlidir. Qəhrəman əsgərlərimizin qanını yerdə qoymayacağıq. Suriyadakı əməliyyatlarımız əsgərlərimizi şəhid edənlər etdiklərinin cəzasını çəkənə qədər davam edəcək. Qatil rejim Astana prosesində verdiyi vədləri yerinə yetirməkdən imtina edir. Türkiyə isə qanuni müdafiə haqqından istifadə edir və İdlibdə bəşəri faciənin yaşanmasının qarşısını almaq məqsədilə keçirdiyi əməliyyatlarda beynəlxalq hüquqa uyğun olaraq hərəkət edir".

F.Altun qeyd edib ki, Əsəd rejimi etnik təmizlik edir və milyonlarla suriyalını İdlibdən çıxarmağı hədəfləyir: "Bu insanlar Türkiyəyə və Avropaya qaçmağa çalışacaqlar. Hal-hazırda 4 milyona yaxın qaçqına sığınacaq verən Türkiyənin daha bir milyon suriyalının ölkəyə girməsinə icazə verəcək potensiyalı və mənbəyi yoxdur".

Beynəlxalq ictimaiyyətin mülki şəxsləri qorumaq və uçuşa qadağan bölgə yaratmaq üçün addım atmalı olduğunu vurğulayan Altun, "Astana prosesinin zamin ölkələri olan Rusiya və İran İdlibdə zorakılığın və qarşıdurmaların azaldılması üçün verdikləri vədləri yerinə yetirmədikləri təqdirdə bütün etibarlılıqlarını itirəcəklər. Türkiyə qanuni müdafiə üçün Suriyada terrorçularla döyüşür, Astana və Soçi razılaşmalarında verdiyi sözləri yerinə yetirir, evlərindən didərgin salınmış insanlara və qaçqınlara köməklik göstərir. Vədlərmizdən və imzaladığımız razılaşmalardan geri addım atacağımızı düşünənlər yanılırlar. Cinayətkar şəbəkə kimi davranan və öz xalqına qarşı terror həyata keçirən Əsəd rejimi həm milli təhlükəsizliyimiz, həm bölgə, həm də Avropa üçün təhdiddir. Bütün bunları heç bir şey etmədən kənarda dayanıb izləyə bilmərik. Suriyalıları tərk etməyimizi gözləyənlər özlərindən utanmalıdırlar" - deyə bildirib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...