"Türkiyə insanlıq naminə İdlibdədir" Məhəmməd Vəcih Cümə

"Türkiyə indi də siyasi, diplomatik və hərbi gücü ilə bu bölgədədir". SİA-nın məlumatına görə, bu sözləri Suriya Türkmən Məclisinin sədri Məhəmməd Vəcih Cümə Türkiyənin İdlibdə olma səbəblərinə aydınlıq gətirərkən deyib.

Məhəmməd Vəcih Cümə bölgədə çox böyük bir bəşəri faciənin yaşandığını və 4 milyondan çox insanın sərhədlərdən kənarda çox çətin şəraitdə yaşadığını bildirib: "Bunların 1 milyonundan çoxu ev-eşiyindən didərgin salınıb, ailə üzvləri şəhid edilib, qalanları isə bu bölgəyə köçüblər. Bəziləri çadırlarda, bəziləri isə ağacların altında yaşayır. Burada dəhşətli bir bəşəri faciə yaşanır. Çox şükür ki, bu insanların Türkiyəsi var. Türkiyə indi də siyasi, diplomatik və hərbi gücü ilə bu bölgədədir. Türkiyə insanlıq naminə bu bölgədədir və insanların ölməməsi, torpaqlarını tərk etmək məcburiyyətində qalmaması üçün səy göstərir".

Soçi razılaşmasının münaqişəsiz bölgə və gərginliyin azalması mənasına gəldiyini qeyd edən Cümə Əsəd rejiminin buna baxmayaraq Rusiyanın dəstəyi ilə hər yeri bombaladığını bildirib. Cümə İdlib bölgəsinin dünyanın diqqətini çəkdiyini, lakin bu insanlara yalnız Türkiyənin sahib çıxdığını xüsusilə vurğulayıb: "Dünən BMT Təhlükəsizlik Şurasında bir toplantı vardı. Rusiya atəşkəs rejiminə dair qətnaməyə veto qoydu. Bu çox qəribədir. Türkiyə xaric, ABŞ və Avropa ölkələri isə sadəcə "məruzə" oxudular. Biz meydandayıq, ancaq o insanların yardım əli uzatdığını görmürük. Hətta humanitar yardımlarını da görmürük. Bütün dünyaya, bəşəriyyətə çağırış edirik. Burada dəhşətli və çox böyük bir fəlakət yaşanır. Hər kəsin əlini bu daşın altına qoymasını istəyirik. Türkiyə burada nə edirsə insanlıq naminə edir".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə