Çanaqqala savaşının Türkiyə və dünya tarixindəki yeri danılmazdır -ÇANAQQALA 105 il

Bu il Çanaqqala savaşının 105 illiyi qeyd olunur. Çanaqqala savaşının Birinci Dünya Müharibəsində özünəməxsus yeri var. Bunu təkcə biz yox, həm Avropa tarixçiləri, həm də 1915-ci ildə Kütləvi İnformasiya Vasitələrində müharibə ilə bağlı yazılarda da qeyd olunub. Bunu SİA-ya şərhində dosent, tarix üzrə elmlər doktoru Vaqif Abışov deyib.

O bildirib ki, Çanaqqala döyüşü və bu döyüşdə türklərin qələbəsinin Türkiyə tarixi üçün böyük tarixi əhəmiyyəti var. “Çünki hərb sənəti Çanaqqalada bir daha özünü təsdiqləyib ki, düşmənin say, texnika və silah-sursat baxımından çox olması müharibənin gedişində həlledici rol oynamır. Türklər tarixə sübut edib ki, kiçik bir yarımada olan Gelibolu yarımadasında düşmənə qarşı ölüm-dirim müharibəsində qalib gəlmək mümkündür. 1915-ci ildə başlayıb 1916-cı ilin yanvarına kimi davam edən Çanaqqala savaşında düşmənin hərbi qüvvəsinin ağzı əzilib”.

V. Abışov söyləyib ki, düşmənin Birinci Dünya Müharibəsini tez başa çatdırmaq, yaxud Almaniyaya müttəfiq olan Türkiyənin vurub sıradan çıxarmaq Rusiyaya yardıma getmək və Çar Rusiyasının hərbi qüvvələri ilə birləşib Almaniya, Avstriya və Macarıstanı daha tez məğlub etmək planları iflasa uğrayıb. “Bu baxımdan Birinci Dünya Müharibəsinin gedişində məhz Çanaqqala savaşının böyük bir əhəmiyyəti olub və bu əhəmiyyəti də çox yüksək qiymətləndirilir”.

Tarixçi alım vurğulayıb ki, həmin dövrdə Çanaqqala məğlubiyyəti Böyük Britaniyanın Müdafiyə naziri Uinston Çörçillin istefasına gətirib çıxarıb. “O cümlədən Çanaqqala savaşındakı qələbədən sonra İngiltərə və Fransa İstanbulu ələ keçirmək planından əl çəkir və onların Dardanel Bosfor boğazını keçib Qaradənizə çıxaraq Rusiyanın hərbi birliyinə birləşməsinin qaşısını alınır. Beləliklə Türkiyəni qısa bir müddətdə diz çökdürmək planları süquta uğrayır və onlar qəbul etməli olurlar ki, qarşılarında zəif gördükləri Türkiyə heç də onların düşündükləri kimi zəif deyilmiş. Bütün bunları nəzərə alaraq, qətiyyətlə demək olar ki, bu qələbənin Türkiyə və dünya tarixində çox böyük və danılmaz yeri var”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə