Tramp ABŞ Müdafiə Nazirinin müavini Con Rudun istefa verdiyini açıqlayıb

ABŞ Prezidenti Donald Tramp ABŞ Müdafiə Nazirinin siyasi məsələlər üzrə müavini Con Rudun istefa verdiyini açıqlayıb. SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, Tramp bu barədə "Twitter" səhifəsində yazıb. "Con Ruda ölkəmizə göstərdiyi xidmətə görə təşəkkür edirəm və gələcək işlərində uğurlar diləyirəm", - deyə Tramp vurğulayıb. Pentaqon sözçüsü Conatan Hoffman bildirib ki, Rudun vəzifəsini müvəqqəti olaraq Ceyms Anderson əvəz edəcək. ABŞ mediası isə yayılan istefa məktubunun mətninə görə, Rudun öz istəyi ilə istefa vermədiyini yazıb. Bildirilib ki, o, istefa ərizəsini Trampın təzyiqi ilə imzalayıb. "Cənab Prezident, nazir Esperin dediklərindən anladım ki, istefamı siz tələb etmisiniz", - deyə Con Rud qeyd edib. Mətbuatın yazdığına görə, eyni zamanda o, ABŞ prezidentinə təşəkkür də edib. Conatan Hoffman isə jurnalistlərə açıqlamasında bildirib ki, Tramp Prezident Administrasiyasında təyin etdiyi istənilən şəxs barədə qərar verə bilər, bu onun haqqıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə