İdlibdə 21-ci əsrin ən böyük bəşəri faciəsi yaşanır...

Türkiyə atəşkəsin təmin edilməsi və bəşəri faciəyə son qoyulması üçün ciddi səy göstərdiyi halda, Astana müqavilələri və Soçi razılaşmasını heçə sayaraq İdlibi qana bulayan qüvvələr 1,8 milyon vətəndaşı evsiz-eşiksiz qoyaraq 21-ci əsrin ən böyük bəşəri faciəsinin daha da dərinləşməsinə yol açır. SİA-nın məlumatına görə, bölgədə miqrasiya prosesini izləyən Suriya Müdaxilə Koordinatorluğundan əldə edilən məlumata görə, "İdlib Gərginliyin Azaldılması Bölgəsinə" edilən intensiv hücumlar nəticəsində 2019-cu ilin yanvar ayından bu yana Türkiyənin Suriya sərhədinə yaxın bölgələrə köç edənlərin sayı 1 milyon 942 minə çatıb.

Hal-hazırda İdlib şəhər mərkəzi, Hələbin Daret İzzə və Etarib bölgələri ilə ətraf kəndlərdən Suriya-Türkiyə sərhədinə doğru köç davam edir. Hücumlar zamanı qətliam törədiləcəyi qorxusuyla qaçan əhalidən geriyə heç kim qalmır. İdlibdəki düşərgələrin dolması, yeni çadırlar quraşdırılması üçün yer və infrastrukturun olmaması, həmçinin yardımların azalması səbəbindən minlərlə mülki vətəndaş sığınacaq tapmaqda çətinlik çəkir.

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibinin humanitar məsələlər üzrə müavini Mark Lowcock yazılı açıqlamasında, Suriyanın şimal-qərbində yerləşən İdlibdə davam edən böhranın "dəhşətə gətirən" yeni bir səviyyəyə çatdığına dair xəbərdarlıq edərək, 21-ci əsrin ən böyük bəşəri faciəsinin İdlibdə yaşandığına diqqət çəkib. Yanvar ayının 1-dən bəri İdlib və Hələbdə 298 mülki şəxsin öldüyünü bildirən BMT-nin insan hüquqları üzrə ali komissarı Mişel Baçelet bu ölümlərin təqribən 93 faizinə Suriya hökuməti və tərəfdarlarının səbəb olduğunu, bundan əlavə 10 səhiyyə müəssisəsinin və 19 tədris mərkəzinin vurulduğunu söyləyib. Dondurucu soyuqda həyat mübarizəsi aparan qadınların və uşaqların qəddarca bombalandığını vurğulayan Baçelet bölgədəki vəziyyətin "dəhşətli" olduğunu qeyd edib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...