"Alçaq hücumlarla Türkiyənin qətiyyətini sınayanlar böyük səhv edirlər" - ƏRDOĞAN

"Alçaq hücumlarla Türkiyənin qətiyyətini sınayanlar böyük səhv edirlər" - ƏRDOĞAN

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Ukraynaya səfəri ərəfəsində jurnalistlərə açıqlama verib. SİA-nın məlumatına görə, Ərdoğan İdlibdə Suriya hökumət qoşunlarının hücumu nəticəsində 4 türk hərbçisinin öldürüldüyü, 9 nəfərinin yaralandığı insidentə münasibət bildirib.

"Bu tərzdə alçaq hücumlarla Türkiyənin qətiyyətini sınayanlar böyük səhv etdiklərini başa düşəcəklər. Türkiyə bu hücumların cavabını artıqlaması ilə verməyə davam edir. Ölkəmizin, millətimizin və idlibli qardaşlarımızın təhlükəsizliyinin təmini üçün apardığımız əməliyyatları davam etdirməkdə qərarlıyıq", deyən Ərdoğan Rusiya dairələrinə: "Burada qarşı tərəf siz deyilsiniz, tamamilə rejimdir. Qarşımızı kəsmək kimi bir vəziyyət olmasın. Biz şəhid verərkən səssiz qalmağımız mümkün deyil", deyə səslənib.

"Ərazidə həm rus, həm bizim generallar var. Generallarımız lazımı danışıqları aparıb. Bu danışıqlara istinad edərək əməliyyat aparırıq. 46 rejim hədəfinə 122 "Fırtına" ÖAQ, 100 minaatanla zərbə endirilib. Əməliyyat qətiyyətlə davam edir. Bunlara qarşı susmağımız mümkün deyil. Hesab soruşmağa davam edəcəyik. F-16-larımız daxil olmaqla "Fırtına" ÖAQ-larımız ərazidədir. İlkin məlumata görə, Suriya tərəfində 30-35 nəfər zərərsizləşdirilib. Müəyyən edilən 40-a yaxın nöqtə əməliyyatın davamlı hədəfləri arasındadır. Nöqtə qoymaq olmayacaq, əməliyyat davam edəcək" - Ərdoğan deyib.

Ərdoğan Ukrayna üçün Rusiya ilə siyasi qarşıdurma məsələsi olan Krım barədə: "Qeyri-legitim ilhaqı tanımadıq, tanımayacağıq", deyib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə