"Əsrin sövdələşməsi" Türkiyə prezidentinin hədəfində

Ərdoğan Fələstin-İsrail nizamlanmasına dair "Əsrin sövdələşməsini" mühakimə edib və pisləyib. SİA xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb və Türkiyə prezidentinin fikirlərini sitat olaraq verib.

Məlumatda qeyd olunur ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampın təqdim etdiyi "Əsrin anlaşması"nı "İsrail tərəfindən Fələstin torpaqlarının ilhaqının leqallaşdırılması" adlandırıb.

Xatırladırıq ki, çərşənbə axşamı Tramp "Əsrin sövdələşməsini", yəni, hazırkı ABŞ administrasiyasının hazırladığı Fələstin-İsrail tənzimləmə planını təqdim edib. Bu plana əsasən Tramp Qüdsün İsrailin bölünməz paytaxtı olaraq qalacağını, ABŞ-ın Şərqi Qüdsdə fələstinlilər üçün səfirliyini açacağını, fələstinlilərin ərazilərini ikiqat artıra biləcəklərini və ABŞ danışıqlara razı olduqda Fələstin lideri Mahmud Abbasa bir dövlət yaratmaqda kömək edəcəyini vəd edib. "Əsrin sövdələşməsini" həyata keçirmək üçün ABŞ İsrail ilə ortaq komitə yaradır. Trampa görə, baş nazir Benyamin Netanyahu Vaşinqtonun təklif etdiyi planla razılaşıb.

"Qüds İsrailə təslim olmayacaq. Qüdsü İsrailə təhvil vermək planı qəbuledilməzdir. Bu plan fələstinlilərin bütün hüquqlarını ləğv edir və İsrailin işğalını qanuniləşdirir", deyə Ərdoğan Seneqaldan qayıdan təyyarədə olan jurnalistlərə bildirib.

ABŞ-ın təklif etdiyi "əsrin sövdələşməsini" şərh edən Fələstin prezidenti Mahmud Abbas isə Qüdsün satılmadığını və sazişin irəliləməyəcəyini, Fələstin xalqının onu "tarixin zibil qutusuna" atacağını söyləyib.

Onu da qeyd edək ki, Ərəb Dövlətləri Liqası Şurası xarici işlər nazirləri səviyyəsində şənbə günü "Əsrin sövdələşməsini" müzakirə etmək üçün təcili iclas keçirəcək.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə