Koronavirus kabusu və hədəfdəki Çin TƏHLİL

Son zamanlar ən çox müzakirə mövzusu olan virus, Çində qeydə allınan və artıq yaxın ətrafa, qonşu ölkələrə, hətta Avropaya belə yayıldığı qeyd olunan koronavirus barədə xəbərlər gündəmi zəbt edib. Hər gün bu virusa yoluxanların və həmin xəstəlik səbəbindən ölənlərin sayının artdığı barədə məlumatlar da hər an yenilənir. Etiraf etmək lazımdır ki, Çində qeydə alınan və artıq yüzdən çox insanın ölümünə səbəb olan virus və onun acı nəticələri qlobal miqyasda bir qorxu yaradıb. Artıq həyəcan siqnalı ilə bu özünü göstərir və bir çox ölkələrin Çinlə əlaqələrini məhdudlaşdırılması bunu təsdiq edir.

Nədənsə, heç də Çinin özündə bu virusa yoluxma digər yerlərdəki qədər vahimə ilə qarşılanmır. Doğrudur, Çində bu virusla mübarizə tədbirləri görülür, tibbi təlimatlar verilir, hətta virusun qarşısının alınması istiqamətində elmi tədqiqatlar da aparılır və bu kifayət qədər diqqəti cəlb edir. Virusun daşıyıcısı, onun dəniz məhsulları olduğu barədə gəlinən qənaətlər də bu tədqiqatların nəticəsi hesab oluna bilər. Əslində, belə bir nəticə heç də qənaətbəxş hesab olunmur və tədqiqatlar hələ də davam edir. Bir sözlə yeni növ virusla, koronavirusla mübarizə tədbirləri davam etməkdədir.

Məsələ burasındadır ki, dünyanın digər ölkələrində, hətta Çinə qonşu olmayan dövlətlərdə daha böyük xofun olduğu diqqətdən kənarda qala bilməz. Bəzən elə gəlir ki, düşünülmüş şəkildə dünyada bir koronavirus kabusu obrazı yaradılıb. Sanki, bilərəkdən qorxu yaratmaqda hansısa qüvvələr, kimlərsə maraqlıdır və bu qorxunun daha da artması hansısa dəyirmana su tökür. Nəyə görəsə, dünyanın başqa yerlərində yayılan və koronavirusdan daha dəhşətli xəstəliklər dünya ictimaiyyətinə bu qədər vahiməli, bu qədər qorxunc təqdim edilməyib. Nədənsə, daha dəhşətli viruslar barədə belə mütəmadi məlumatlar verilməyib və hətta hələ də bəzilərinin olması belə gizlədilir. Amma Çində peyda olan bu virus barədə informasiyalar ən adi xırdalıqlarına qədər dünya ictimaiyyətinə çatdırılır.

Bəlkə də insanların hələ böyük əksəriyyəti keçən ilin oktyabrından bəri ABŞ-da yayılan və ən azı 15 milyon insana təsir edən bir qrip epidemiyası barədə tamamilə məlumatsızdır. Hətta bu qrip səbəbindən 8200 nəfərin öldüyü barədə insanların tam məlumatlı olacağına da inanmaq olmur. Halbuki, bu, ABŞ Xəstəliklərə Nəzarət Mərkəzləri tərəfindən yayımlanan rəsmi məlumatlardır. Yeri gəlmişkən, son günlər xəstəlik bir az da artıb. Amma yenə də dünya ictimaiyyəti bu barədə məlumatsızdır. Yaxud da, Ulduz Müharibələrindəki kimi Amerikada kimlərsə respiratorlarla gəzmirlər və Çində olduğu kimi yoluxma qorxusu ilə yaşamırlar.

Ebola adlanan virusu bəs nə tez dünya ictimaiyyəti unudub? Bir neçə il əvvəl ortaya çıxan virus xəbərdarlığı, qorxulu hekayələr də deyəsən yaddan çıxıb. Halbuki, xəstəlik böyüyür və günü-gündən genişlənir, amma heç kim buna əhəmiyyət vermir. Kimsə də bundan narahat olmur. Çünki Ebola mərkəzinin yerləşdiyi Konqo Çin deyil. Əks halda, bu virus da eyni ilə koronavirus kimi vahiməli şəkildə təqdim edilər, böyük xof yaradılardı.
Son zamanlar koronavirusun mənşəyinin dəniz məhsulları olduğu barədə məlumatlara də rast gəlinir. Daha doğrusu, dəqiq şəkildə bildirilməsə də hansısa dəniz məhsulunun bu virus daşıyıcısı olduğu iddia edilir və guya belə hesab olunur ki, bu qorxunc xəstəlik dəniz məhsullarından insana keçib. Heç şübhəsiz, dəniz məhsullarından dünyanın hər yerində, demək olar ki, hər bir insan istifadə edir. İnsanların qidasının bir hissəsini də dəniz məhsulları təşkil edir. Maraqlıdır, görəsən dəniz məhsullarından istifadə niyə məhz Çində xəstəliyə səbəb oldu? Yoxsa virus yalnız dənizin, okeanın Çin sahillərndəki canlılarına aiddir? Yaxud, virusa yalnız çinlilər yoluxa bilirlər? Bəlkə, koronavirus özü seçim edib və Çini seçib? Bu suallar təbii ki, düşündürür və yeni koronovirus məsələsinin kökündə Çinlə əlaqədar nələrinsə dayandığı məntiqi şəkildə özünü təsdiq edir. Çinin kimlərinsə hədəfinə çevrildiyi aydın şəkildə görünür.

Təbii ki, dəniz məhsullarının virusun mənşəyi olması barədə mülahizələr absurd səsləndi. Çünki, əgər dəniz məhsulları virusa səbəb olsaydı dünyanın əksər ölkələrində də yeni koronavirus peyda olardı və belə olmadığı təqdirdə bunun əsassız olduğu ortaya çıxır. Belə əsassız fikirlər, iddialar dərhal yığışdırıldı və görünür daha inandırıcı, məhz Çin üçün xarakterik olan daha münasib iddiaların dövriyyəyə buraxılmasına ehtiyac duyuldu.
Belə bir vəziyyətdə virusun mənşəyinin ilanlar, yarasalar və hansısa gəmiricilər olduğu barədə bildirildi. Diqqət etdikdə görünür ki, artıq dəniz məhsulları kimi uğursuz mülahizədən fərqli olaraq, bu dəfə çinlilərin qida rasionuna daxil olan canlıların virusun mənşəyi olduğu barədə məlumatlar yayılmağa başladı. Əslində, ilanların, yarasaların, yaxud gəmiricilərin çinlilərdən başqa kimsənin qida kimi istifadə etmədiyindən məharətlə istifadə olundu. Yəni, niyə virusun məhz Çində peyda olduğu bir növ əsaslandırıldı.

Məsələ burasındadır ki, xəstəlik xofunun yaradılmasının, bütün tədqiqatların, koronovirusun araşdırılmasının belə kökündə bir məsələ, Çinin hədəf olaraq seçilməsi dayandığı gün kimi aydın olur. Aydın olur ki, hansısa qüvvələr, ola bilsin qurumlar, hətta dövlətlər belə Çin dövlətini hərhansı yolla rəqabət müstəvisindən uzaqlaşdırmaqda israrlıdır. Çox güman ki, bu, Çinlə iqtisadi, ticari aspektdə rəqabətə davam gətirə bilməyənlərdir.

Cinin iqtisadi inkişafının, irəliləyişinın dünya ölkələrinin hər birindən yüksək olduğu artıq günün reallığına çevrilib. Bunu ən fövqəl dövlət hesab olunanlar, ABŞ, Rusiya və digər Avropa ölkələri də çox yaxşı başa düşürdü. Başa düşürdü ki, Avropanın bir sıra kapitalist ölkələrinin ixtisaslaşmış sahələri belə Çin istehsalından geri qalır. Avropada tatnınmış brendlər belə Çində istehsal olunanlardan reallaşdırılma, satış baxımında geridə idi. Ən maraqlı məqam ondan ibarətdir ki, Avropa ölkələrinə məxsus bir sıra məhsulların istehsalı artıq Çində həyata keçirilirdi. Ucuz işçi qüvvəsinin olması, sahibkarlıq mühiti üçün daha əlverişli, daha az məsrəf tələb edən şəraitin mövcudluğu səbəbindən Avropa ölkələrinin bir çoxuna məxsus markaların istehsal müəssisələri belə Çində qurulub, istehsalı da məhz həmin ölkədə reallaşdırılırdı. Bir sıra Avropa məhsullarının belə məhz Avropada deyil, artıq Çində istehsal edilməsi özü təsdiq edir ki, Çin onların hər birini üstələyir. Hətta dünyada müşahidə olunan iqtisadi böhranın fonunda Çin özünün çiçəklənmə dövrünü yaşayır və inkişafını davam etdirirdi. Görünən odur ki, Çinin belə inkişaf dinamikası həzm edilmədi və koronavirus adı altında bu yüksək inkişaf mərhələsində olan dövlət hədəfə alındı.

Çində, bunun adı istər koronavirus olsun ya nə isə, hansısa virusun, yaxud xəstəlik törədicisinin, ya xəstəliyin olmamasını əsla söyləmək olmaz. Çünki, virusun və törətdiyi xəstəliyin fəsadlarının, acı nəticələrinin konkret statistik rəqəmlərdə təzahürü artıq sirr də deyil. Yoluxma, ölüm halları barədə məlumatlar onsuz da yayılmaqdadır və indi dünyada bu barədə kiminsə bilmədiyini söyləməyə belə cəsarət edən tapılmaz. Artıq hər kəsin istər öz sağlamlığı, istərsə də cəmiyyət üçün təhlükəli olmaması üçün diqqətli olması, maksimum səviyyədə qorunması ən aktual, ən vacib məsələdir.

Diqqəti cəlb etmək lazım olan məqam, əlbəttə ki, yeni koronavirusa qarşı görülən tədbirlərin şişirdilməməsi deyil, cəmiyyətin, insanların xəstəlikdən qorunması və təhlükənin aradan qaldırılmasıdır. Bundan sui istifadə halları da yolverilməzdir və dünyanın istənilən ölkəsində hansısa qorxu, yaxud vahimə yaratmaq, eləcə də hansısa çirkin niyyət üçün yararlanmağa qarşı da tədbirlər görülməlidir. Bu barədə insanlara da məlumatlar verilməli, istər xəstəlikdən mühafizə olunmaq, qorunmaq, istərsə də hansısa niyyətlərə alət olmamaları barədə cəmiyyət maarifləndirilməlidir.

Baxmayaraq ki, bu Çin əleyhinə, bu dövlətə hərhansı təsirlər üçün istifadə edilir, sözügedən xəstəlik həqiqətən təhlükəli görünür və qabaqlayıcı tədbirlər görülməsinə ehtiyac da qaçılmazdır. Kütləvi çaxnaşma və eyni zamanda Çin əleyhinə olan qorxuları artırmaq üçün istifadə olunduğuna baxmayaraq, ehtiyat tədbirlərinin görülməsi də aktual məsələdir.

Ölkəmizdə də bu istiqamətdə qabaqlayıcı tədbirlərin görülməsi, yəni, haqqında danışılan xəstəliyin nəzarətə götürülməsi, yoxlamalar və ölkə başçısının şəxsən tapşırığı ilə məsələnin diqqət mərkəzində saxlanılması həqiqətən də təqdirəlayiqdir. Əslində bu, vətəndaşların sağlamlığının, həyatının qorunması, nəticə etibarı ilə vətəndaşa, cəmiyyətimizə olan qayğı deməkdir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə