Çindən təxliyə olunan yaponları gətirən ilk təyyarə “Haneda” aeroportuna enib

Yanvarın 29-da səhər saatlarında Çinin Uxan şəhərindən təxliyə olunan yaponları gətirən ilk təyyarə "Haneda" aeroportuna enib.

SİA "RİA Novosti"yə istinadən xəbər verir ki, təyyarədə 206 sərnişin olub. Səhiyyə Nazirliyi nümayəndələrinin bildirdiyinə görə, həmin sərnişinlərin ilk tibbi müayinəsi təyyarədə aparılıb. Onlardan bəzilərinin səhhətində problemlə bağlı müraciət etdiyi bildirilir. Bütün sərnişinlər yalnız onlar üçün nəzərdə tutulmuş avtobuslarla aeroportdan çıxarılaraq, müvafiq analizlərin götürülməsi üçün xüsusi səhiyyə müəssisəsinə göndərilib.

Uxan şəhərində qalmış digər Yaponiya vətəndaşlarının təxliyəsi üçün əlavə çarter reyslərinin həyata keçiriləcəyi bildirilir. Hazırda yeni koronavirusun qeydə alındığı həmin şəhərdə Yaponiyaya qayıtmaq istəyən daha 450 nəfərin qaldığı qeyd edilir. Bununla yanaşı, yanvarın 28-də Yaponiyada yeni koronavirusa yoluxma ilə əlaqədar daha üç hal qeydə alınıb. Onlardan biri Nara prefekturasından olan sürücüdür və onun heç vaxt Uxan şəhərində olmadığı qeyd edilir.

Hazırda Yaponiya Səhiyyə Nazirliyi virusun yayılmasının qarşısını almaq üçün mübarizə tədbirlərini davam etdirir. Nazirlər Kabinetinin qəbul etdiyi qərara əsasən yeni virusa yoluxduğu güman edilən şəxslər onların razılığı olmadan belə xəstəxanaya yerləşdirilə bilərlər. Eyni zamanda, Tokionun aeroportlarından və dəniz limanlarından Yaponiyaya daxil olan şəxslərdə virus təhlükəsi hiss edildiyi halda onların tibbi müayinəyə cəlb olunmasına başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...