NATO-nun baş katibi Anders Foq Rasmussenin fikrincə, Liviya ən pis ssenari ilə də qarşılaşa bilər. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Rotterdam Universiteti tələbələri qarşısında çıxış edən baş katib bildirib ki, "Liviya üçün ən pis ssenari terroru dəstəkləyən və nüfuzunu itirmiş dövlət halına gəlməsi" ola bilər. O, ən yaxşı ssenarinin isə sülh və uzunmüddətli demokratiyaya doğru dinc keçid olduğunu ifadə edib.
"Ölkələrinin gələcəyini müəyyən edənlər liviyalılardır" deyən Rasmussen NATO-nun rolunun vətəndaşları silahlandırmaq deyil, onları hər cür hücumdan qorumaq olduğunu vurğulayıb. Baş katib atəşkəsin tezliklə təmin edilməsinə ümid etdiyini də dilə gətirib.
Yayılan digər bir məlumata görə, ABŞ prezidenti Barak Obama ölkəsinin Liviya müxalifətinə dəstəyini nəzərdə tutan gizli bir qərar imzalayıb. "Röyters" agentliyi xəbər verir ki, qərar Obama tərəfindən ötən 2-3 həftə içərisində imzalanıb. Qeyd olunur ki, ABŞ Milli Kəşfiyyat İdarəsinin gizli əməliyyatları üçün prezidentin bu cür qərarı lazımdır. Ağ Ev və Kəşfiyyat İdarəsi isə xəbəri şərh etməkdən boyun qaçırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB