Diyarbəkirli analar zəlzələdən zərər çəkənlər üçün şərf və papaq toxuyurlar -FOTOLAR

Dağlara qaçırılan övladlarına qovuşmaq ümidi ilə HDP-nin Diyarbəkir təşkilatının binası qarşısındakı etiraz aksiyasını davam etdirən Diyarbəkirli analar zəlzələdən zərər çəkənlərin üşüməməsi üçün şərf toxuyublar.

SİA-nın məlumatına görə, övladlarının dağa qaçırılmasına görə HDP-nin məsuliyyət daşıdığını düşünən Diyarbəkirli anaların 2019-cu ilin sentyabr ayının 3-də HDP-nin Diyarbəkir təşkilatının binası qarşısında başlatdığı etiraz askiyası 147 gündür davam edir. Qızı Yasəmən Ballı üçün aksiyada iştirak edən ana Yıldız Ballı Elazığdakı zəlzələdə həyatını itirənlərə Allahdan rəhmət, yaralılara isə şəfa diləyib.

Y.Ballı zəlzələdən zərər çəkənlər üçün çox kədərləndiklərini və onlar üçün şərf və papaq toxumağa başladıqlarını bildirib.

O, deyib ki, "Onlar üçün şərflər toxuyuram. Əlimizdən gələni etməyə hazırıq. Həmişə onlar bizin yanımızda olub. İndi isə biz onların yanındayıq. Çox kədərləndik, kaş bu hadisə yaşanmayaydı." Y.Ballı aksiyanın beş aydır davam etdiyini, övladları üçün aksiyanı sonuna qədər davam etdirməkdə qərarlı olduqlarını söyləyib. Songül Altıntaş adlı başqa bir ana da zəlzələdən zərər çəkənlər üçün şərf toxuduqlarını bildirib: "Evləri dağılıb. Çox kədərləndik. Allah heç kimə yaşatmasın. Xilas olanlara görə çox sevindik. Allah dövlətimizdən də razı olsun. Zəlzələdən zərər çəkənlərin yanındadır. Dövlətimiz hamının köməyinə çatır." Zəlzələdən zərər çəkənlər üçün şərf və papaq toxuyan daha bir ana Xədicə Ləvənt isə "Türkiyəmizin başı sağ olsun. Rəbbim bundan sonra kədər göstərməsin. Elazığdakı qardaşlarımız üçün şərf toxuyuruq. İnşallah köməyimiz olar. Daha çox kömək etmək istərdik, ancaq əlimizdən gələn budur", - deyə bildirib. Valideynlərin 147 gündür övladları üçün aksiyada iştirak etdiklərini qeyd edən X.Levent aksiyanı sonadək davam etdirəcəklərini vurğulayıb.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...