Yaponiyada baş vermiş zəlzələ və sunami qurbanlarının sayı artmaqda davam edir. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, son rəsmi məlumata əsasən 11063 nəfər ölüb, 17268 nəfər isə itkin düşmüş hesab olunur. Ölənlərdən 8030 nəfərin şəxsiyyətini müəyyən etmək mümkün olub. Ölənlərin əksəriyyətinin Miyagi, İvate və Fukusima prefekturalarından olduğu bildirilir.
Fukusima Daiichi (Fukusima-1) AES-da və onun ətrafında yerləşən ərazilərdə radioaktiv fonun yüksək olması ilə əlaqədar isə stansiyanın 20 km radiusunda yerləşən ərazidə axtarış-xilasetmə işləri təxirə salınıb. Ölkənin 17 prefekturasında təşkil olunmuş 2000 müvəqqəti sığınacaq mərkəzində 180 min insan məskunlaşıb. Aparılan ilkin araşdırmalar nəticəsində sunaminin Aomori, İvate, Miyagi və Fukusima prefekturalarında, ümümilikdə, təxminən, 443 kv.km əraziyə ziyan vurduğu müəyyən edilib.
Eyni zamanda ərazidən keçən Kitakami və Toni çaylarında suyun səviyyəsinin qalxdığı qeyd olunur. Fukusima Daiichi AES yaxınlığında olan qida məhsulları və suyun o cümlədən dəniz suyunun insan həyatı üçün təhlükəli olaraq qaldığı bildirilir. Qeyd olunan stansiyada 5 ərazidə torpaqda plutonium maddəsi aşkarlanıb. Cənubi Koreyanın paytaxtı Seul şəhəri və ABŞ-ın Şimali Karolina, Cənubi Karolina, Florida ştatları ərazilərində isə insan həyatı üçün təhlükəli olmayan miqdarda radioaktiv yod maddəsinin aşkarlandığı qeyd olunur. Stansiyanın reaktorlarının soyutma sistemlərinin bərpası istiqamətində və mövcud vəziyyətlə əlaqədar müvafiq tədbirlərin görülməsi davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB