İsveçrədə koronavirusa yoluxma ehtimalı ilə iki nəfər xəstəxanaya yerləşdirilib

Fransa və Avstriyanın ardınca İsveçrədə də koronavirusun yeni ştammına (2019-nCoV) yoluxma ehtimalı ilə iki nəfər xəstəxanaya yerləşdirilib.

SİA xəbər verir ki, yaxın vaxtlarda Çində səfərdə olmuş hər iki şəxs Sürixdəki Triemli xəstəxanasının karantin şöbəsində müşahidə altındadır. Həkimlər bildiriblər ki, müvafiq analiz və testlərin cavabı yaxın müddətdə bəlli olanadək pasiyentlərdə yeni növ pnevmaniyanı istisna etmək mümkün olmayacaq.

Xəstəxanadan verilən açıqlamada həmçinin qeyd edilib ki, bu xəstəxananın həkim heyəti mənşəyi müəyyən edilməmiş infeksiyalar üzrə kifayət qədər böyük təcrübəyə malikdir və müayinələrin nəticəsi ən qısa zamanda ictimaiyyətə elan ediləcəkdir.

Bu gündən etibarən İsveçrədə bütün xəstəxanalar koronavirus ehtimalı olan bütün hallar üzrə iki saat ərzində yerli (kanton) və federal səhiyyə orqanlarını məlumatlandırmaq öhdəliyi daşıyırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə