Dünya Səhiyyə Təşkilatı (DST) yanvarın 22-də fövqəladə hal üzrə komitənin təcili iclasını çağırır. SİA “Euronews”a istinadla xəbər verir ki, DST-nin toplantısı yeni virus təhlükəsini dəyərləndirməli və onunla mübarizə üzrə tövsiyələrin hazırlanması ilə məşğul olmalıdır.

Çində 200-ə yaxın insan naməlum virusa yoluxub, artıq 4 nəfər həyatını itirib. Cənubi Koreya, Tailand və Yaponiyanın hərəsində bir yoluxma halı təsdiqlənib.

Çində sətəlcəmin yeni tipi insandan-insana keçir. ÇXR-in Gigiyena və Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi bu barədə rəsmi bəyanatla çıxış edib.

15 tibb işçisinin yeni tip yoluxucu koronavirusa tutulması bu faktın təsdiqi olub.

2019-cu il dekabrın 31-də Çinin hakimiyyət orqanları ölkənin mərkəzi hissəsində yerləşən Uxan şəhərində naməlum sətəlcəmin baş qaldırması barədə DST-ni məlumatlandırıblar.

Yoluxmanın ilkin hallarını dəniz məhsullarının satıldığı yerli topdansatış bazarı ilə əlaqələndirirlər.

Yanvarın 7-də Çin mütəxəssisləri xəstəlik törədicisinin 2019-nCoV koronavirusu olduğunu müəyyən ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə