Davosdakı Ümumdünya İqtisadi Forumu dövlət-özəl əməkdaşlığı beynəlxalq təşkilatıdır. Davos Ümumdünya İqtisadi Forumunun tarixi, 1971-ci ilin yanvarında, Cenevrə Universitetinin professoru Klaus Şvabın, İsveçrədəki aparıcı iş adamlarını və siyasətçiləri bir araya gətirərək, dünya bazarında Avropa biznesinin inkişaf perspektivlərini müzakirəyə çıxarmasından başlayır. Əvvəlcə belə illik yığıncaqlar "Avropa İdarəetmə Forumu" adlanırdı və forum yalnız Qərbi Avropalılarla məhdudlaşırdı.

İllər keçdikcə mövzu tədricən genişləndi, o cümlədən siyasi və iqtisadi məsələlər, elmi və texnoloji tərəqqinin nəticələri, inkişaf etməkdə olan ölkələrin məsələləri müzakirəyə çıxarıldı. 1974-cü ilin yanvarında siyasi liderlər ilk dəfə Davosa dəvət edildi. Bunun ardınca, 1976-cı ildə forum ilk dəfə daimi üzv sistemini tətbiq etdi.

Artan qlobal əhəmiyyətini əks etdirmək üçün iclaslar 1987-ci ildə Ümumdünya İqtisadi Forumu adlandırıldı. Hal hazırda minə yaxın iri şirkət və təşkilat forumun üzvüdür.Forumun qurucusu və daimi lideri Cenevrə Universitetinin professoru Klaus Şvabdır və təşkilatın qərargahı Cenevrədədir.

Ümumdünya İqtisadi Forumunun əsas tədbiri ənənəvi olaraq yanvar ayının sonu, fevralın əvvəlində dünyaca məşhur Davos dağ-xizək kurortunda (11 sentyabr hücumlarından sonra Amerika Birləşmiş Ştatları ilə həmrəylik şəraitində 2002-ci ildə Nyu Yorkdakı keçirilən sessiya istisna olmaqla,) illik keçirilən yığıncaqlardır. Ümumdünya İqtisadi Forumu üzvləri qlobal iqtisadiyyatdakı əsas problemləri müzakirə edirlər. Bu görüşlərə aparıcı dövlət və siyasi xadimlər, müxtəlif ölkələrin elmi, işgüzar dairələrinin və beynəlxalq təşkilatların nümayəndələri dəvət olunur.

Forum çərçivəsində dövlət rəsmilərinin iştirakı ilə "mini sammitlər", həmçinin rəsmi nümayəndə heyətləri və ayrı-ayrı siyasətçilərlə işgüzar təmaslar üçün nəzərdə tutulmuş seminarlar keçirilir.

Ümumdünya İqtisadi Forumunun yüksək reytinqi, təşkilatçıları Davosdakı görüşləri fərqli elitar xarakter daşıyan dəvətlilər üçün seçim meyarlarını ildən-ilə sərtləşdirməyə təşviq edir. 1994-cü ildən bəri iş adamlarına iştirak üçün məcburi şərt Ümumdünya İqtisadi Forumuna üzv olmaqdır. Ümumdünya İqtisadi Forumu üzvləri forum tədbirlərinin təşkili üçün, rəhbərlik ilə danışıqlarda təyin olunan illik vəsaiti ödəməlidirlər.

Forum çərçivəsində regional hökumət və işgüzar dairələrin nümayəndələrinin, eləcə də digər regionlardan olan ticarət və maliyyə tərəfdaşlarının iştirakı ilə regional sammitlər də keçirilir, işgüzar dairələrin nümayəndələrinin və hökumət üzvlərinin iştirakı ilə milli iclaslar, iki günlük seminar və simpoziumlar, hökumət nümayəndələrinin və ayrı-ayrı sahələri təmsil edən aparıcı şirkətlərin qeyri-rəsmi görüşləri reallaşır.

Forumun olduqca mürəkkəb bir təşkilati və idarəetmə quruluşunu formalaşıb. Qəyyumlar Şurası forumun missiyası və dəyərlərinin mühafizəkarları kimi çıxış edirlər. Onun tərkibi işgüzar dairələrin nümayəndələri ilə beynəlxalq təşkilatların və vətəndaş cəmiyyətinin rəhbərləri arasında bərabər bölünür. Qəyyumlar Şurasının rəhbəri Klaus Şvabdır.

Forumun prezidenti Börqe Brendenin rəhbərlik etdiyi idarə heyəti Ümumdünya İqtisadi Forumunun icraedici orqanı kimi çıxış edir, forumun həyata keçirilməsini təmin edir və kənar təşkilatlar üçün təmsilçisi kimi çıxış edir. İdarə heyəti forum üçün kollektiv icraedici məsuliyyət daşıyır və qəyyumlar şurasına cavabdehdir.
Əməliyyat idarəetməsi 60-dan çox ölkənin nümayəndələrini özündə birləşdirən icra komitəsi tərəfindən həyata keçirilir. Forumun strukturunda qlobal, regional və sektor gündəliyi olmaqla üç mərkəz var.

Forumun quruluşunda Geostrateji Əməkdaşlıq üçün Qlobal Platforma, Texnologiyaların Pionerləri, Vətəndaş Cəmiyyəti, Sosial Sahibkarlıq üzrə Şvab Fondu, Gənc Liderlər Qrupu, Gənc Alimlər, Mədəni Liderlər və s. kimi icmalar da fəaliyyət göstərir.

Ümumdünya İqtisadi Forumu hər il biznesin təşkili və işgüzar mühit üçün hesabatlar və reytinqlər, xüsusən Qlobal Risklər Hesabatı, Qlobal Gender Hesabatı, Qlobal Rəqabət Qabiliyyəti Hesabatı, Regional Risklər dərc edir.

2020-ci ildə 21-24 yanvar tarixlərində keçirilməsi nəzərdə tutulan Davosda Dünya İqtisadi Forumu öz işinə başlayıb. "Vahid və davamlı bir sülh üçün maraqlı tərəflər" Forumun mövzusudur.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...