İran sərnişin təyyarəsini iki raketlə vurub

İran Ukrayna Boeing-in iki raketlə vurulduğunu etiraf edib. SİA RİA Novostiyə istinadən xəbər verir ki, İran Mülki Aviasiya Təşkilatının Ukrayna Boeing-in qəzaya uğraması ilə bağlı ikinci hesabatında təyyarənin Tor-M1 hava hücumundan müdafiə sistemindən iki qısa mənzilli “yer-hava” raketi ilə vurulduğu deyilir.

Qeyd olunur ki, bir sərnişin təyyarəsinə şimaldan iki raket atılıb və raketlərlə vurulduqdan sonra təyyarə hündürlüyü itirməyə başlayıb, sonra yerə çırpılıb, futbol sahəsinə keçib, parçalanıb və alovlanıb.
Hesabatdan belə çıxır ki, Boeing-ə raketlərlə şimaldan atəş açılıb.

Təyyarə ilə əlaqə uçuşdan üç dəqiqə sonra, təxminən 2 min metr yüksəklikdə olarkən itib. İlkin müşahidə radarlarına görə, yerli vaxtla 6: 15-də təyyarə kursdan yayınıb və sonra radarlardan itib.

Xatırladırıq ki, Ukrayna Beynəlxalq Hava Yollarına məxsus təyyarə yanvarın 8-də səhər Tehran hava limanından yola düşdükdən sonra qəzaya uğrayıb. Təyyarədə 176 nəfər olub və hamısı ölüb. Əvvəlcə təyyarənin mühərrikində nasazlıq yarana biləcəyi bildirilib, ancaq sonradan İran hərbi qüvvələri təsadüfən bir Ukrayna təyyarəsini "düşmən" gəmi raketi kimi səhvən vurduqlarını etiraf ediblər. Tehran üzr istəyib və ABŞ-dan bir hücum gözlədiklərini söyləyib. Ukrayna Prezidenti Vladimir Zelensky İrandan günahını tamamilə etiraf etməyi, rəsmi şəkildə üzr istəməyi və qurbanların ailələrinə təzminat ödəməyi tələb edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə