"Putin məqsədinə çatmaq üzrədir" ÖZƏL - MÖVQE

"Rusiya prezidenti Vladimir Putinin Liviya mövzusu ilə bağlı Berlindəki konfransda iştirakının bir başqa məqsədi də var idi. Rusiya Krımı ilhaq etdikdən və Donbasdakı separatçılara dəstək verdikdən sonra Kreml sahibi Qərb ölkələrinin müxtəlif sanksiyaları ilə üz-üzə qalmışdı. 2014-cü ildən başlayaraq kiçik istisnalar xaricində Putin Avropa ölkələrinə dəvət olunmurdu, Qərb liderləri onunla birgə şəkil çəkdirməkdən çəkinirdilər. Ancaq illər keçdikcə Avropa Krımın ilhaqını unutmağa başladı, Ukrayna mövzusu arxa plana keçdi və 5 ildən sonra Almaniya kansleri Angella Merkel ilk dəfə Moskvaya rəsmi səfər edib Kreml sahibi ilə Amerika sanksiyalarının “Şimal axını” qaz boru xəttinə qarşı birgə mübarizə aparmağı təklif etdi". Bunu SİA-ya politoloq Elxan Şahinoğlu deyib.

"Amerikaya qarşı birgə mübarizə Putinin köhnə arzusudur. Əlbəttə, Krımın ilhaqına görə Avropanın Rusiyaya qarşı sanksiyaları davam edir, ancaq Putinin əlini sıxmaq istəyənlərin sayı da artmaqdadır. Fransa prezidenti Emmanuel Makron isə açıq deyir ki, Rusiyasız problemlər həll etmək çətindir. Berlinin özündə Putinlə görüşmək istəyənlər növbəyə düzülmüşdülər. Elə Ukrayna prezidenti Vladimir Zelenskinin özü də son müsahibəsində deyib ki, rusiyalı həmkarı ilə dialoq müsbət nəticələr verir.

Putin məqsədinə çatmaq üzrədir. O Krımı ilhaq edərkən anlayırdı ki, bu ona və ölkəsinə ciddi problemlər yaradacaq, ancaq o bu risqi göz önünə alaraq “bir neçə il keçəcək reallığı qəbul edəcəklər” deyə düşünüb. Krımın ilhaqını qəbul etməyiblər, ancaq Putinlə yenidən dost olmaq istəyənlərin sayı çoxalıb. Siyasət budur...".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə