Sarkozi BMT-ni hədəfə aldı

Rusiya Putinin sayəsində dünya gücünə çevrilib. SİA RenTV-yə istinadən xəbər verir ki, bunu Fransanın keçmiş prezidenti Nikola Sarkozi deyib.

O, BMT Təhlükəsizlik Şurasını tənqid edərək, onları müasir reallıqlara cavab verən yeni beynəlxalq bir qurum yaratmağa çağırıb. Eyni zamanda Sarkozi Rusiyanın dünya gücünə çevrildiyini qeyd edib. "Əlbəttə ki, bu, Rusiyanı birinci pilləyə qaytaran Prezident Putinin əməyidir. Bəzi məsələlərdə onunla razı olmamaq olar, amma bu bir həqiqət, bir faktdır", deyə Sarkozi Qaydar Forumunda söyləyib.

Sarkozi, Avropanın "çox qütblü bir dünyanın" tənzimlənməsində daha fəal iştirak etməsinin lazım olduğunu vurğulayıb. "21-ci əsrdə keçən əsrdə yaradılan beynəlxalq təşkilatlarla birlikdə yaşamağa davam edirik. Planetimizi idarə etməyə imkan verən beynəlxalq təşkilatlar yoxdur", deyə Fransanın keçmiş prezidenti diqqətə çatdırıb.

O, bir çox ölkələrin BMT Təhlükəsizlik Şurasının daimi üzvləri kimi təmsil olunmadığına diqqət çəkib. Sarkozi Şurada tək bircə dənə də olsun Afrika ölkəsinin, Cənubi Amerika ölkəsinin, Hindistanın olmadığını, hətta Yaponiyanın da olmadığını xatırladıb.

"Yeni beynəlxalq qurumlar yaratmalı və onları bu əsrin reallığına uyğunlaşdırmalıyıq", deyə Sarkozi bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə