Liviya üsyançıları sürətlə irəliləyir

Liviya üsyançıları sürətlə irəliləyir

Liviyada 17 fevraldan bəri davam edən iğtişaşlar və sonradan vətəndaş müharibəsinə çevrilən hadisələr qırxıncı gününə qədəm qoydu. Müəmmar Qəddafi tərəfdarları ilə üsyançılar arasında baş verən qarşıdurmalarda şəhərlər gah bir, gah da digər tərəfin əlinə keçir. SİA-nın "Cihan" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, koalisiya qüvvələrinin Qəddafiyə məxsus tankları vurmasından ruhlanan müxalifət gücləri Acdabiyədən sonra neft şəhəri Breganı da ələ keçirib.

 

Qarşıdurmalarda Qəddafi çoxlu sayda hərbi texnikanı itirdiyi bildirilir. Bengazi və Braga şəhərləri arasındakı 250 kilometrlik sahə hərbi poliqona çevrilib. Müxalif qüvvələrini dəstəkləyən minlərlə dinc insan tanklar üzərində xatirə şəkilləri çəkdirib. Müxalif gücləri koalisiya qüvvələrinin dəstəyi ilə Qəddafinin doğulduğu Sirt şəhərinə doğru irəliləyir.

 

Əldən-ələ keçən Acdabiyə və Brega şəhərlərinin humanitar yardıma ehtiyacı olduğu bildirilir. Məlumata görə, şəhərlərə elektrik və su verilişi kəsilib.

Bütün xəbərlər Facebook səhifəmizdə