Zelensky niyə təcili Kiyevə qayıdır?

Zelensky niyə təcili Kiyevə qayıdır?

Ukraynanın Prezidenti Vladimir Zelensky, təcili olaraq Oman səfərini dayandırıb və Kiyevə qayıdır. SİA RenTv-yə istinadən xəbər verir ki, bu barədə onun mətbuat xidmətinin mesajında məlumat verilir.

Məlumatda qeyd olunur ki, Ukrayna liderinin səfərini dayandırmasına və geriyə, Kiyevə qayıtmasına səbəb İranda Ukrayna sərnişin təyyarəsinin qəzaya uğramasıdır.

Zelensky həmçinin hadisə ilə əlaqədar olaraq Facebook səhifəsində də başsağlığı verib. O bildirib ki, Ukrayna səfirliyi təyyarənin qəza etməsi və ölənlərin vəziyyəti barədə məlumatları dəqiqləşdirir.

Bundan əvvəl mediada Zelenskinin ailəsi ilə Oman körfəzinin sahilinə istirahətə getdiyi bildirilir.

Xatırladaq ki, bu səhər Tehranın İmam Xomeyni hava limanında Ukraynanın Boeing 737 təyyarəsi qəzaya uğrayıb. Tehran hava limanından verilən məlumata görə, təyyarənin göyərtəsində olanların hamısı ölüb. Ukrayna səfirliyi qurbanların kimliyini öyrənir. Rusiya səfirliyi isə rusların təyyarədə ola biləcəyini müəyyənləşdirir. Hava limanının bir nümayəndəsi hadisənin səbəbini mühərrikin yanması ilə izah edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə