Qəzaya uğrayan Ukrayna təyyarəsində 32 xarici vətəndaş olub

Qəzaya uğrayan Ukrayna təyyarəsində 32 xarici vətəndaş olub

Ukrayna Hava Yollarına məxsus sərnişin təyyarəsinin İranda qəzaya uğramasının ilkin səbəbi məlum olub. SİA-nın İran mənbələrinə istinadla verdiyi məlumata görə, İranın Avtomobil Yolları və Şəhərlərin İnkişafı Nazirliyinin İnformasiya və əlaqələr mərkəzinin rəhbəri Qasim Bixi mətbuata açıqlamasında qəzaya səbəb kimi təyyarənin mühərrikinin alışmasını söyləyib. Onun sözlərinə görə, mühərrikdə baş verən yanğın sonradan alovlandığından təyyarə qəzaya uğrayıb.

Mərkəzin rəhbəri bəzi xarici KİV-lərin təyyarənin səhvən İranın hava raketi ilə vurulmasına dair yaydığı xəbərlərin doğru olmadığını bildirib.

Ukrayna Prezidenti Vladimir Zelenski Tehranda Ukrayna Hava Yollarına məxsus təyyarənin qəzaya uğraması ilə bağlı Omana səfərini təxirə salıb. Bu barədə Ukrayna Prezidenti Ofisinin mətbuat xidməti məlumat yayıb.

Vladimir Zelenski təyyarədə olan sərnişinlərin və ekipaj üzvlərinin ailələrinə və yaxınlarına başsağlığı verib. Prezident həlak olanların siyahısının tutulduğunu bildirib.

İranın paytaxtı Tehran yaxınlığında qəzaya uğrayan təyyarənin “qara qutusu” tapılıb. Qəzanın səbəbi texniki nasazlıq olub. Ətraflı səbəblər araşdırmadan sonra məlum olacaq.

Qeyd olunur ki, qəza zamanı həlak olan sərnişinlərin böyük əksəriyyəti İran vətəndaşları olub.

Xatırladaq ki, Ukraynaya məxsus “Boeing 737” sərnişin təyyarəsi İranın İmam Xomeyni aeroportu yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 167 sərnişin, 9 ekipaj üzvü olub.

Təyyarə havaya qalxdıqdan bir qədər sonra qəzaya uğrayıb.

İsna Agentliyi xəbər verir ki, Tehranda təyyarə qəzasında həlak olanların cəsədlərini müəyyən etmək çətin olacaq. Tehran Təcili Yardım Mərkəzi rəhbərinin sözlərinə görə, xilasedicilər hazırda təxminən iki hektar ərazidə insanların cəsədlərini toplayaraq məhkəmə-tibb ekspertlərinə təhvil verirlər. İranın təcili yardım idarəsinin rəisi qəzaya uğrayan Ukrayna təyyarəsindəki sərnişinlərdən heç birinin sağ qalmadığını təsdiqləyib. Qeyd edək ki, gəmidə 167 sərnişin olub. Onlardan 32 nəfər xarici ölkə vətəndaşlarıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə