Liviya lideri Müəmmər Qəddafinin Tripolidəki iqamətgahının binalarından biri beynəlxalq koalisiya qüvvələrinin dəqiq hava zərbələri nəticəsində tamamilə dağılıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, həmin inzibati binanın Liviya liderinin qüvvələrinin komandanlıq mərkəzi kimi fəaliyyət göstərdiyi, ondan 50 metr aralıdakı qərargahda isə Müəmmər Qəddafinin adətən qonaqları qəbul etdiyi bildirilir. Üç mərtəbəli inzibati binanın yerləşdiyi ərazini toz bürüyüb. Binanın ön tərəfi tamamilə dağılıb. Xəsarət alanların olmadığı bildirilir. Aviazərbələrdən bir qədər sonra əraziyə Müəmmar Qəddafinin tərəfdarları toplaşıb.
Liviya liderinin yeri isə məlum deyil. ABŞ silahlı qüvvələrinin qərargah rəislərinin birləşmiş komitəsinin nümayəndəsi Bill Qortni isə bildirib ki, Müəmmər Qəddafi koalisiyanın hərbi əməliyyatlarının hədəfi deyil. Beynəlxalq koalisiya qüvvələri gecə boyu paytaxt Tripoli və digər iri şəhərlərdə digər obyektləri də hədəfə alıb. Tripolidə partlayış səsləri eşidilib.
Qeyd edək ki, BMT-nin Təhlükəsizlik Şurası Liviya əhalisinin ölkə lideri Qəddafinin qoşunlarından müdafiəsi üçün xarici hərbi əməliyyatın keçirilmə mümkünlüyünü nəzərdə tutan qətnamə qəbul edib. Hərbi əməliyyat şənbə günü başlayıb və əməliyyatda ABŞ, Böyük Britaniya, Fransa və digər ölkələr iştirak edir.
Koalisiya qüvvələri Liviya HHM obyektlərinə artıq 110 qanadlı raket buraxıblar. Liviya rəsmi KİV-in məlumatına görə, koalisiya böyük şəhərlərdə, o cümlədən Tripoli, Benqazi, Zuvarə şəhərlərində mülki obyektlərə və Misrat rayonu ərazisindəki neft anbarlarına zərbələr endirib, nəticədə orada yanğın baş verib. Qərb KİV-inin məlumatına görə, koalisiya qüvvələrinin hava zərbələri nəticəsində dinc əhali arasında həlak olanların sayı 64-ə çatıb.
Pentaqon Liviya hakimiyyətinin koalisiya qüvvələrinin hücumu nəticəsində dinc əhalinin həlak olması barədə bəyanatını təsdiq edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB