19 Mart - Liviya ilə İraqı birləşdirən nədir?

19 Mart - Liviya ilə İraqı birləşdirən nədir?

Liviyaya qarşı hərbi əməliyyatlara martın 19-da bir neçə ölkə - o cümlədən Fransa, ABŞ, İtaliya, Kanada və Böyük Britaniya tərəfindən başlanılıb. SİA-nın məlumatına görə, Yaxın vaxtlarda İspaniya da onlara qoşulacaq. Bildirilir ki, Fransa Hərbi Hava Qüvvələri Qəddafi qüvvələrinin bir neçə zirehli texnikasını məhv edib, ABŞ və Britaniya isə Liviya Hava Hücumundan Müdafiə Qüvvələrinin 20-dək mövqeyinə "Tomoqavk" raketləri ilə zərbələr endirib. Koalisiyanın Hərbi Hava Qüvvələri Liviyanın Hava Hücumundan Müdafiə obyektlərinə ümumilikdə 110 qanadlı raket atıb.

Liviyanın rəsmi KİV-i koalisiya qüvvələrinin iri şəhərlərdə, o cümlədən Tripoli, Benqazi, Zuvaredə mülki obyektlərə və Misrati rayonundakı neft anbarlarına zərbələr endirib. Misratidəki neft anbarlarında yanğın başlayıb.

Liviya hakimiyyəti ABŞ və müttəfiqlərinin təcavüzünün qarşısının alınması üçün əhalini silahlandırmağa başlayıb. Müvəqqəti Müdafiə Komitəsindən yaxın saatlarda 1 milyona yaxın kişi və qadının silahlandırılacağı bildirilib. Martın 20-nə keçən gecə koalisiya qüvvələrinin Liviyaya endirdiyi hava zərbələri nəticəsində 48 nəfər həlak olub, 150 nəfər yaralanıb. Bu barədə Liviya dövlət televiziyası Liviya hökumətinə istinadən xəbər yayıb. Ölənlərin əksəriyyəti qocalar, qadınlar və uşaqlardır

Lakin bütün bu hadisələrin fonunda Liviya ilə İraqı birləşdirən eyni ay, eyni rəqəm var. Eyni rəqəm 8 ildən sonra Liviyanın həyatında yadda qalır. 19 Mart tarixi, hər iki ölkə baxımından da böyük əhəmiyyət daşıyır. Çünki 19 Mart 2011 – ci il tarixində başda ABŞ olmaqla koalisiya qüvvələri Liviyaya havadan və dənizdən böyük bir əsgəri əməliyyat başlayıb. 2003-cü ilin 19 martında, ABŞ, İraqın işğalına start verdi. 19 Mart 2003 – cü ildə Avstraliya və Polşa kimi daha kiçik ölkələrin dəstəklədiyi ABŞ və İngiltərə əsgərləri, İraqı bombalamağa başladı. ABŞ, İraqda olduğuna inandığına kütləvi qırğın silahlarını tapmaq üçün hərəkətə keçib, 21 gün davam edən əməliyyatların ardından Bağdad ələ keçirildi, Səddam Hüseyn edam edildi.

Qeyd edək ki, Fevral ayının ortalarından Aralıq dənizinin sahillərində yerləşən Liviyada ölkəni 40 ildən artıq idarə edən Qəddafinin istefası tələbi ilə etirazlar keçirilir. Ölkə vətəndaş müharibəsi vəziyyətindədir. Qəddafinin nəzarət etdiyi Liviya aviasiyası üsyançıların olduğu ərazilərə hər gün zərbələr endirir.

BMT Təhlükəsizlik Şurasının martın 17-də Liviya aviasiyası üçün hava məkanının bağlanmasını, yerüstü qüvvə tətbiq etmədən hərbi əməliyyatların mümkünlüyünü, eləcə də Liviya Milli Neft Şirkətinin və onun Mərkəzi Bankının hesablarının dondurulmasını nəzərdə tutan qətnamə qəbul etməsindən sonra hakimiyyət üsyançılara qarşı bütün hərbi əməliyyatların dayandırıldığını bəyan edib.

Bütün xəbərlər Facebook səhifəmizdə