Yaponiyada nüvə stansiyasında növbəti partlayış olub

Yaponiyada nüvə stansiyasında növbəti partlayış olub
Zəlzələ və sunamidən zərər görən Yaponiyanın şimal-şərqindəki "Fukusima-1" nüvə stansiyanının 1,2 və 3 nömrəli reaktorlarında soyutma sistemində problemin aradan qaldırılmadığı xəbər verilib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, ölkə rəsmiləri soyutma işlərinin davam etdiyini, bununla belə radiasiyanın havaya sızdığı və sızıntı miqdarının arta biləcəyini söyləyiblər. "Fukusima-1" nüvə stansiyanının 2 nömrəli reaktorunda partlayış baş verib. Yaponiya hökumətinin verdiyi açıqlamada reaktorun müdafiə hasarının partlayışdan zərər gördüyü bildirilib. Hökumət sözçüsü Yukio Edano müdafiə hasarının alt hissəsində olan və sistemin təzyiqini azaltmaq üçün hazırlanan hovuzun da zərər gördüyünü deyib. Reaktoru soyutmaq üçün lazım olan suyu nasosla vuranlardan başqa işçi heyəti stansiyadan çıxarılıb. Y.Edano stansiyadan atmosferə yayılan hidrogendə radioaktiv maddə olduğunu və insan həyatı üçün təhlükə yaratdığını dilə gətirib. Yaponiyanın xəbər agentliyi "Kyodo" ölkənin orta hissəsində yerləşən paytaxt Tokio ilə şimal-şərqdəki Fukusima arasındakı İbaraki şəhərində radiasiyanın normal səviyyəni keçdiyini xəbər verib. Məlumata görə, "Fukusima-1" nüvə stansiyanının 4 nömrəli reaktorunda yanğın baş verib. Yaponiya baş naziri Naoto Kan televiziyadan xalqa müraciət edərək 4 nömrəli reaktorda yanğın olduğunu və radiasiya səviyyəsinin təhlükəli həddə çatdığını söyləyib. Baş nazir "stansiyaya 20-30 kilometr yaxın məsafədə olan vətəndaşlarımızdan evləri və iş yerlərindən çıxmamağı xahiş edirəm" deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə