İraq parlamenti növbədənkənar iclasında baş nazir Adil Əbdül Mehdinin istefası məsələsinə baxacaq

İraq parlamenti növbədənkənar iclasında baş nazir Adil Əbdül Mehdinin istefası məsələsinə baxacaq

İraq parlamenti dekabrın 1-də növbədənkənar iclasında baş nazir Adil Əbdül Mehdinin istefası məsələsinə baxacaq.

SİA "sozcu.com.tr" saytına istinadən xəbər verir ki, hökumət başçısı şənbə günü ölkənin qanunverici orqanının sədrinə öz istefası haqqında rəsmi ərizə ilə müraciət edib.

İraqın "INA" agentliyinin məlumatına görə, bu, Nazirlər Kabinetinin təcili iclasından sonra baş verib. Baş nazir bu addımı hakimiyyətin dinc yolla təhvil verilməsinin vacibliyini nəzərə alaraq, xalqın maraqlarını və nümayişçilərin tələbini yerinə yetirmək üçün atdığını bildirib.

Ölkə Konstitusiyasına əsasən baş nazirin istefası deputatların əksəriyyəti tərəfindən qəbul olunmalıdır. Onun vəzifədən gedəcəyi təqdirdə hökumət üzvləri 30 gün ərzində Nazirlər Kabinetinin yeni rəhbəri təyin olunanadək öz səlahiyyətlərinin icrasını davam etdirəcəklər.

Xatırladaq ki, İraqda iki aydır davam edən etiraz aksiyaları zamanı 400 nəfərdən çox insan həlak olub, 15 min nəfər yaralanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə