Obama bunu anlamadı

Orta Şərqdə demokratik hökumətlər qurularsa onlar Vaşinqtonun əmrləri ilə hərəkət etməyəcəklər. Amma Barak Obama bölgənin yeni hökumətlərinin İsrailin "təbii" müttəfiqləri olacağına inanır. SİA-nın məlumatına görə, bu sözlər "Əl-Cəzirə" kanalının rəsmi saytında qadın siyasi ekspert Lamis Andoninin şərhində yer alıb. O, Fələstin və Orta Şərq ölkələri üzrə mütəxəssis hesab olunur.

Ekspert hesab edir ki, ABŞ prezidenti Barak Obama hələ də ərəb dünyasında baş verən inqilabların mahiyyətini tamamilə qavraya bilməyib. Andonini bildirib ki, Obama əslində bölgədə demokratiya üçün hərəkət edən insanların İsrail tərəfdarı olmasa belə Qərb tərəfdarı açıqlamalar verəcəyini düşünür. Obama bu yaxınlarda Floridada bir qrup demokrata yaxşı qərarlar versək və tarixin indiki istiqamətini anlasaq Misirdə iş başında olan bütün qüvvətlər bizimlə ya da İsrail ilə yaxşı münasibətdə olarlar deyib. Siyasi ekspert Obamanın belə bir qənaətə necə gəldiyini başa düşmədiyini vurğulayıb: "Obama niyə belə bir nəticəyə gəldiyini bilmirəm. O, fövqəladə bir şəkildə səhv məlumatlandırılıb, ya da xəyallarla özünə təskinlik verir. Doğrudur, etirazlar İsrailə yönəlməyib. Lakin bu güclərin İsrailin və Qərbin təbii müttəfiqləri ola biləcəyini söyləmək çətindir. ABŞ prezidenti etiraz edən ərəb kütlələrinin mesajını səhv oxuyur".

Orta Şərq və Şimali Afrika ölkələrində etirazçıların azad və məsuliyyət sahibi olan hökumət tələbi ilə çıxış etdiyini deyən ekspert hesab edir ki, onilliklər ərzində təmsilçilik gücü olmayan hökumətlər Qərb, xüsusilə ABŞ-ın siyasi və iqtisadi diktələri ilə hərəkət edib. Ekspertə görə, bu hökumətlər çox nadir hallarda özündə Qərbə etiraz etmək gücünü hiss edib. L.Andonini İsrail ilə Misir arasında imzalanan 1979-cu il razılaşmasının da demokratik bir ərəb hökuməti tərəfindən imzalanmadığı qənaətindədir. O, illərdir ki Misir xalqının müxtəlif hərəkətlərlə, media və kinolar vasitəsilə ABŞ-ın bölgəki siyasətinə və İsrailin fələstinlilərə təcavüzünə qarşı olduğunu göstərdiyini deyib.

Andoninin fikrincə, ABŞ-lı ekspertlər demokratik Misirin diktatorluqdan fərqli olaraq ABŞ və İsrailə daha yaxın olacağını düşünür. Eyni fikri ABŞ keçmiş xarici işlər naziri Kondoliza Raysın da daşıdığını deyən ekspert qeyd edib ki, Rays və digərlərinin fərqində olmadığı bir şey var: "Mübarək xalqı qəzəbləndirmədən ABŞ siyasətinə daha çox dəstək verə bilməyəcəyini fərq etdi. Ərəb rejimləri həmişə Fələstini yalnız söz ilə dəstəkləyərək müxalifəti yatırmaq istəyində olublar. Çünki, Fələstin probleminin ərəb ruhunda tutduğu yeri bilirlər. İnqilablar isə bu taktikanın artıq müxalif güclərini küncə sığışdırmaq üçün kifayət etməyəcəyi məlum olduqda baş verdi. Fələstin xalqını ümidsizliyə uğradan və Fələstin torpaqlarının işğalını davam etdirən ölkə ilə dost münasibətlər ərəb xalqlarını oyandırmaya bilməzdi".

Barak Obama İraqda ABŞ işğalını və Fələstində İsrail işğalını başa çatdırmadığı halda baş qaldıran ərəb inqilabçılarının ABŞ-ın və İsrailin təbii müttəfiqləri olacağını necə xəyal edə bilər? L.Andoninin fikrincə, bəzi ABŞ səlahiyyətliləri və ekspertləri hesab edir ki, İsrail işğalına ABŞ-ın dəstəyi bu ölkənin ərəb dünyası ilə əlaqələrinə mənfi təsir göstərəcək. Fələstin məsələsinin ərəb düşüncəsində mərkəzi yer tutduğunu deyən ekspert qeyd edib ki, rəsmi Vaşinqton və Təl-Əviv tamamilə başqa məqsədlər arxasındadır: "Vaşinqton və Təl-Əviv Fələstin problemini ərəb ölkələri ilə münasibətlərdən ayırmaq istəyir. Bu cür düşünənlər hesab edir ki, ABŞ asanlıqla İsrailin hegemonluğunu zəmanət altına alan bir həll variantını qəbul, həmçinin Fələstini öz haqlarını qorumaq əzmindən geri çəkindirə bilər. Vaşinqton və Təl-Əvivdə ərəb dövlətlərinin siyasətində Fələstin probleminin rolunu minimuma endirmək axtarışında olanlar yanlış yoldadır. Onlara Fələstin probleminin ərəblər üçün nə olduğunu anlamaq üçün məşhur misirli hüquq müdafiəçisi Hüseyn Əl- Hamalvinin "Guardian"da nəşr olunan məqaləsini oxumağı tövsiyə edirəm Orada göstərilir ki, 2000-ci ildə Fələstinə dəstək nümayişləri ilə 2003-cü ildə İraq müharibəsi etirazlarının lokomotiv qüvvəsi Misir inqilabının da ilk sıralarında oldular".

Bütün xəbərlər Facebook səhifəmizdə