Qəddafi yoxsa, Qərb dünyası qalib gələcək?

Qəddafi yoxsa, Qərb dünyası qalib gələcək?
Qəddafi yoxsa, Qərb dünyası qalib gələcək?
Liviyada təxminən 1 aydır davam edən toqquşmalar nəticəsində ölənlərin sayı 6 minə çatıb. Bu rəqəmi müxtəlif beynəlxalq təşkilatların apardığı araşdırma üzə çıxarıb. Daha 4 min liviyalının toqquşmalar zamanı yaralandığı bildirilir. Ötən gün Qəzzafini müdafiə edən ordu daha bir şəhəri nümayişçilərdən geri alıb. BBC-nin məlumatına görə, bu, o qədər də böyük olmayan Bin-Cavad şəhəridir. O, paytaxt Tripolinin 50 kilometrliyində yerləşir. Bir sıra şəhərlərdə ordu ilə qiymaçılar arasında döyüşlər davam edir.
Bu aradan bir sıra siyasətçilər Qəddafinin əleyhinə çıxışlar etməyə başlayıblar. Çexiyanın sabiq prezidenti Vatslav Havel bildirib ki, hərbi qarşıdurmaların davam etdiyi təqdirdə, Liviyaya Qərb dövlətlərinin hərbi müdaxiləsi gərək olacaq. SalamNews Hospodarske noviny qəzetinə istinadən xəbər verir ki,Havel Qəddafini "hakimiyyətdən uzaqlaşdırılmalı olan" "ağılsız cinayətkar" olduğunu bildirib. Havel onu da qeyd edib ki, Qərb Tuqaslaviya hadisələrindən dərs götürməli və hərbi müdaxilənin təxirə salınmasının nə ilə nəticələnə biləcəyini anlamalıdır. "Miloşoviç barəsində dörd il müzakirə apardıq" - Havel söyləyib. Eks-prezident bildirib ki, "Liviya məsələsində Qərb dərhal qərar verməlidir, hətta bu qərar müsbət qarşılanmasa belə".
Havel hesab edir ki, "Qəddafi yeni cinayətlər törədəcək, buna görə də Qərb dövlətlərinin müdaxiləsi zəruridir".
Qərb isə ənənəvi olaraq, informasiya silahından istifadə edir. Liviya lideri Müəmmar Qəzzafinin istefa verməyə razı olduğuna dair məlumat yayılıb. bunu Londonda nəşr olunan ərəbdilli "Asharq Al-Awsat" qəzeti yazıb. Qəzetin iddiasına görə, Qəzzafi müxalifətin Benqazidə qurduğu hökumətə təqdim etdiyi məktubunda istefa verməsi üçün öz şərtlərini irəl sürüb. Başlıca şərt onun və ailəsinin təhlükəsizliyinə təminatın verilməsidir.
Ümumiyyətlə, Yaxın Şərq və Şimali Afrika ölkələrini bürüyən inqilab dalğası Liviyada da ciddi kataklizmlərlə müşayiət olunmaqdadır. Müxtəlif əyalətlərdə baş qaldıran təlatümlər ölkədə vətəndaş müharibəsi təhlükəsi yaradıb. Prezident Müəmmar Qəddafinin nəzarətində olan ordu ilə etirazçılar arasında ölkənin bir sıra şəhərlərində yaranan qarşıdurmalarda yüzlərlə insanın həlak olduğu bildirilir. Qərbdən aşkar və gizli yollarla ciddi dəstək alan inqilabçılar isə prezident Qəddafinin hakimiyyətdən devrilməsində israrlıdır. Bu arada, Qəddafi Venesuela prezidenti Uqo Çavesin beynəlxalq komissiyanın yaradılması ilə bağlı irəli sürdüyü ideyanı qəbul edərək vəziyyətin danışıqlar yolu ilə nizamlanmasına razılıq verib. Təklifə əsasən, Liviyadakı qeyri-sabitlik Latın Amerikası, Avropa və Yaxın Şərq ölkələrindən olan nümayəndələrin iştirakı ilə aparılan danışıqlar əsasında həllini tapmalıdır. Lakin ABŞ birmənalı şəkildə bu ideyaya qarşı çıxaraq Qəddafinin qeyd-şərtsiz hakimiyyətdən getməli olduğunu bəyan edib. Göründüyü kimi, Qəddafinin cəhdlərinə baxmayaraq, Liviyada qeyri-sabit vəziyyət davam etməkdədir və hadisələrin axarı da onu deməyə əsas verir ki, Qəddafinin hakimiyyətdən devrilməsində israrlı olan xarici qüvvələr inqilabçıları sonadək dəstəkləmək niyyətindədir. Məlum olduğu kimi, Liviyada baş verənlər Misirdə, Tunisdə Qərbin "Böyük Yaxın Şərq layihəsi"nin tərkib hissəsi kimi gerçəkləşdirilən ssenarinin davamı kimi səciyyələnir. Qlobal güclərin nüfuz savaşının getdiyi ən qaynar regionlardan biri olan Yaxın Şərqdə nəzarəti tam ələ keçirmək üçün Qərb "avtoritar rejimdən demokratiyaya keçid" prosesi adlandırdığı inqilablar vasitəsilə bu ölkələrdə maraqlarına uyğun qüvvələrin hakimiyyətə gəlməsinə çalışır. Sudanın faktiki olaraq parçalanmasından sonra qəfildən baş qaldıran, Tunis və Misirdə hakimiyyətin devrilməsi ilə nəticələnən, Bəhreyn, İordaniya və digər ölkələrdə çaxnaşmalarla müşayiət olunan, hazırda isə Liviyada vətəndaş müharibəsi həddinə çatan bu zəncirvari prosesin mütəşəkkil qaydada kənardan idarə olunduğu aşkardır. Demokratiya və daha yaxşı yaşayış şəraiti ümidi ilə ayağa qalxan sadə əhali isə özü də bilmədən qlobal güclərin əlverişli coğrafi məkanlar uğrunda gedən savaşında sıravi döyüşçüyə çevrilir.
Hazırda Liviyada gedən proseslərin nə ilə nəticələnəcəyini, daha doğrusu, ölkədə çevriliş baş tutacağı təqdirdə bunun Liviya əhalisi üçün hansı nəticələrinin olacağını təsəvvür etmək üçün Misirlə Tunisin indiki durumuna nəzər salmaq kifayətdir. Məlum olduğu kimi, hər iki ölkə inqilab və xaosdan çox ciddi itkilərlə çıxıb. Büdcə gəlirlərinin böyük bir hissəsini turizmdən qazanan Misir hazırda ölkəyə turist axının dayanması səbəbindən hər gün 25-27 milyon dollar itirir. Turizm sahəsi nüfuzdan düşən Tunisdə də işsizlik və yoxsulluq əvvəlki kimi yüksək həddədir. Eyni zamanda, iqtisadiyyatı inqilablardan ciddi zərər çəkən hər iki ölkənın qarşıdakı illər ərzində xarici kreditorlardan asılılığının artacağı şübhəsizdir. Beləliklə, inqilabların Misir və Tunis xalqına yaxşı heç nə vermədiyi kimi, Liviya əhalisinin də inqilabdan nicat tapacağını söyləmək çətindir.
Məsələyə münasibət bildirən siyasi ekspertlər inqilabların müsbət nəticələrindən danışmağın hələ tez olduğunu bildirirlər. Onların fikrincə, Misirdə və Tunisdə baş verən inqilabların əhalinin sosial-maddi durumuna müsbət təsir göstərdiyini söyləmək çətindir. Həmin ölkələrdə avtoritar rejimin aradan qaldırılaraq demokratik mühitin yaradıldığını da demək hələ ki tezdir. Nə Tunisdə, nə də Misirdə seçki keçirilməyib və bu ölkələrdə hakimiyyətin hansı şəkildə formalaşacağı məlum deyil. Bir şey aydındır ki, bu cəmiyyətlər müəyyən bir hərəkətə gəlib. Ancaq bu hərəkətin haraya aparıb çıxaracağını demək çətindir. Politoloqların fikrincə, bu ölkələrdə demokratik cəmiyyət qurmaq üçün müəyyən qədər şans var, lakin hələ qarşıda görüləcək bir çox işlər dayanır. Misir böyük ənənəyə malik bir ölkədir. Baş verən məlum olaylardan sonra Misir üçün çətin bir dövr olacaq. Çünki bu hadisələr nəticəsində ölkənin turizm sahəsinə böyük zərər dəyib, eyni zamanda, ölkədəki qarışıqlıq investisiyaların axınına da mənfi təsir göstərib. Yəni, beynəlxalq yardımlar olmadan bu ölkələrin və onların əhalisinin vəziyyəti kifayət qədər çətin olacaq. Əgər çaxnaşmaların qarşısı alınsa və diqqət ölkənin inkişafına yönəldilsə, müsbətə doğru dəyişiklik əldə oluna bilər.
Bir qism ekspertlər isə düşünürlər ki, Yaxın Şərq ölkələrindəki çevrilişləri sırf xalqın iradəsi adlandırmaq doğru deyil. Son zamanlar Yaxın Şərqdə gedən proseslərin mahiyyətinə birmənalı yanaşmaq qeyri-mümkündür. Burada təhlil olunması vacib olan bir çox məqamlar var. Birincisi, Yaxın Şərqdəki proseslər heç də həmin ölkələrin elektoratının istəyi deyil, burada kənar qüvvələrin müdaxiləsi aşkar hiss olunur. Göründüyü kimi, bu hadisələrdən meydana çıxan nəticələrdən həmin ölkələrin əhalisi deyil, xarici qüvvələr yararlanırlar.
Burada konkret marağı olan qüvvələr var və Liviyada baş verənlər də ABŞ-ın hegemonluq siyasətinin nəticəsidir. Ümumiyyətlə, inqilablar heç də birmənalı olaraq cəmiyyətə pozitiv dəyişikliklər bəxş etmir. Tarixi təcrübədən də görürük ki, inqilablar çox zaman özü ilə bəlalar gətirir. Liviyadakı hadisələrə gəlincə, Qəddafinin çıxışına diqqət yetirdikdə görürük ki, o, Qərbin ona xəyanət etdiyini bildirir. Bu o məqamdan xəbər verir ki, bir vaxtlar Qəddafini hakimiyyətə gətirən Qərb indi maraqlarına cavab vermədiyi üçün onun hakimiyyətdən uzaqlaşdırılması məsələsini gündəmə gətirib. Bir sözlə, baş verənlərdə xarici amillər əsas rol oynayır.
Bütün bunların məntiqi nəticəsi olaraq, belə bir sual ortaya çıxır: Qəddafi yoxsa, Qərb dünyası qalib gələcək?

Bütün xəbərlər Facebook səhifəmizdə