Boris Conson İcmalar palatasına Avropa İttifaqı ilə saziş və Brexit prosesinin təxirə salınması arasında seçim təklif edəcək

Böyük Britaniyanın Baş Naziri Boris Conson gələn şənbə günü İcmalar palatasına Avropa İttifaqı ilə saziş və Brexit prosesinin təxirə salınması arasında seçim təklif etməyi planlaşdırır.

SİA “The Times” qəzetinə istinadən xəbər verir ki, Britaniya hökumətinin başçısı Avropa İttifaqı ilə danışıqlarda tərəflərə Brexit barədə saziş layihəsini razılaşdırmağa imkan verəcək və onu oktyabrın 17-18-də Brüsseldə keçiriləcək sammitdə təsdiqləyəcək irəliləyişə ümid edir. Bundan sonra sənəd həm də Britaniya parlamentinin dəstəyini qazanmalıdır. Boris Conson artıq oktyabrın 19-da İcmalar palatasının növbədənkənar şənbə iclasının gedişində deputatlara Brüssellə sazişə səs verməyə çağıracaq. Bu məsələ səsverməyə elə qoyulacaq ki, parlament üzvləri mahiyyət etibarilə Brexit prosesinin yenidən təxirə salınması və ya ölkəyə oktyabrın 31-dək Avropa İttifaqını tərk etməyə imkan verəcək saziş arasında seçim etmək məcburiyyətində qalacaq.

Əgər Boris Conson deputatların dəstəyini qazansa, parlament Brexit prosesinin həyata keçirilməsi ilə bağlı vacib olan bütün qanunları təsdiq etmək üçün ayın sonuna qədər istirahətsiz çalışmalı olacaq. Lakin Baş Nazirin gələn həftə Brüssellə razılaşdıracağı şərtlər üzrə Avropa İttifaqını tərk etmək məsələsini ümumxalq referendumuna çıxarmağa cəhd edəcək müxalifət Boris Consonun planlarını poza bilər.

Xatırladaq ki, 2016-cı ilin iyununda keçirilən Brexit üzrə referendumun gedişində Böyük Britaniya vətəndaşlarının 51,9 faizi ölkənin Avropa İttifaqının tərkibindən çıxmasına səs vermişdi.

Birləşmiş Krallıq Brexit qərarı ilə bağlı rəsmi bildiriş göndəriləndən iki il sonra – 2019-cu il martın 29-da Avropa İttifaqını tərk etməli idi. Lakin Britaniya parlamentinin İcmalar palatasının deputatları Brüssellə Boris Consonun sələfi Tereza Mey arasında əldə olunan Brexit şərtləri barədə saziş layihəsini üç dəfə rədd ediblər. Nəticədə Avropa İttifaqı Brexit prosesini əvvəlcə aprel və ya may aylarına, sonra isə oktyabrın 31-nə təxirə salmağa razılıq verib, Tereza Mey vəziyyəti dalandan çıxara bilməyərək istefa vermək məcburiyyətində qalıb. Onun yerini isə Brexit prosesinin yenidən təxirə salınmasına yol verməyəcəyini və Brüsselin Londonun tələbi ilə razılaşmayacağı təqdirdə ölkəsini Avropa İttifaqının tərkibindən sazişsiz çıxaracağını vəd edən Boris Conson tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə